Valyuta məzənnəsi

Amerikalı mütəxəssis tələbələri narkomaniyanın təhlükəli fəsadları barədə məlumatlandırıb

Tarix:18-04-2019, 13:09

Amerikalı mütəxəssis tələbələri narkomaniyanın təhlükəli fəsadları barədə məlumatlandırıb Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) çərçivəsində "Mən öz gələcəyimi seçirəm" mövzusunda növbəti seminar aprelin 18-də Azərbaycan Texniki Universitetində təşkil edilib.

Seminar Nazirlər Kabinetinin 2018-ci il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planının yeddinci bəndinin icrası ilə əlaqədar keçirilib.

AZƏRTAC xəbər verir ki, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin, universitetin müəllim və tələbə kollektivinin iştirak etdikləri tədbirdə narkotik vasitələrin cəmiyyətə, insanların sağlamlığına mənfi təsirləri barədə videoçarx nümayiş olunub.

Seminarda çıxış edən universitetin rektor əvəzi, professor Xalıq Yahudov narkotiklərin insan orqanizminə məhvedici təsirləri, törətdiyi sosial bəlalara qarşı mübarizənin gücləndirilməsi üçün ölkəmizin təhsil ocaqlarında maarifləndirici tədbirlərin keçirilməsindən danışıb. O deyib ki, Bakıda XXXVI beynəlxalq konfransın keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyev 2018-ci il noyabrın 15-də Sərəncam imzalayıb, müvafiq qurumlarla birgə tədbirlər planı hazırlanaraq təsdiq olunub.

Qeyd edilib ki, narkomaniyaya qarşı mübarizə daim dövlətimizin diqqət mərkəzindədir və bu sahədə atılan addımlar müsbət nəticələrini verməkdədir. Dövlətimizin başçısı tərəfindən bununla bağlı sərəncamlar imzalanıb və müvafiq dövlət proqramları qəbul edilərək həyata keçirilib. Qeyd olunan sənədlərdə gənclərin sağlamlığının qorunması, onların zərərli vərdişlərdən uzaqlaşdırılması məsələləri öz əksini tapıb. Rektor cəmiyyətin bütün üzvlərinin bu sosial bəla ilə mübarizə aparmasının, narkomaniyanın qarşısının alınmasında sağlam həyat tərzinin gənclər arasında təbliğinin vacibliyini vurğulayıb.

Konfrans çərçivəsində təbliğat xarakterli müxtəlif tədbirlərin keçirilməsinin yeniyetmələrin və gənclərin narkomanlığın yayılması ilə mübarizədə maarifləndirilməsinə xidmət etdiyi diqqətə çatdırılıb. Bu məqsədlə xarici ölkələrdən aparıcı ekspertlər seminarlar təşkil etmək üçün Azərbaycana dəvət ediliblər. Belə maarifləndirici tədbirlərin "ağ ölüm"ün qarşısının alınması baxımından əhəmiyyəti qeyd edilib.

Seminarda Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin San-Dieqoda fəaliyyət göstərən əməkdaşı, IDEC Konfransının "Tələbatın Azaldılması Təhsil Proqramı"nın təşkilatçısı, tanınmış mütəxəssis Rokuelle Herronun mühazirəsi dinlənilib. O, IDEC konfransı və onun "Tələbatın Azaldılması Təhsil Proqramı" barədə danışıb. Bakıda keçirilmiş konfransın əhəmiyyətini xüsusi vurğulayan Rokuelle Herron əsas məqsədin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə yolları və üsullarının müxtəlif ölkələrin nümayəndələri ilə birlikdə müzakirəsi olduğunu bildirib. Tədbirin narkotiklərlə mübarizə sahəsində ölkələr arasında təcrübə mübadiləsinin aparılması və bu təhlükəyə qarşı birgə əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmini vurğulayıb. O, indiyədək gənclərə narkotikin zərərləri barədə Azərbaycan daxil olmaqla 10-dan çox ölkədə 500-dən çox təqdimatla təxminən 95 min şagird və tələbə qarşısında çıxış etdiyini bildirib.

Təqdimat barədə danışan amerikalı mütəxəssis diqqətə çatdırıb ki, tədbirin məqsədlərindən biri narkotiklərdən qeyri-qanuni istifadə ilə bağlı ABŞ-da olan problemlər barədə azərbaycanlı şagird və tələbələri məlumatlandırmaqdır. Narkotiklərdən qeyri-qanuni istifadə bütün dünyada yayılmış bir problemdir və ABŞ-ın Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyası tərəfindən gənclərin narkotiklərdən istifadədən uzaq durması məqsədilə bu cür maarifləndirmə seminarları keçirilir.

Rokuelle Herron müasir dövrün sosial bəlalarından olan narkomaniya və onun fəsadları barədə danışıb. O, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığa düçar olanların müalicə edilməklə sağlam həyata qaytarılmasının önəmini qeyd edib. Mühazirədə ABŞ-da narkotiklərdən istifadənin fəsadlarından, onun qurbanlarının ilbəil artmasından bəhs olunub. Bildirilib ki, hər il ABŞ-da minlərlə gənc bu bəla nəticəsində həyatını itirir.

"Biz bu proqramla tələbələrə, şagirdlərə, ümumiyyətlə, gənclərə narkotik vasitələrin insanların həyatına mənfi təsir göstərdiyinə dair məlumat veririk. İnanırıq ki, narkotik vasitələrin zərərləri barədə məlumat sayəsində gənclər həyatlarında doğru seçim edəcəklər. Çünki gənclərin bugünkü seçimləri onların gələcək həyatlarını müəyyənləşdirəcək. Ümid edirik ki, Azərbaycanda gənclər öz gələcəklərini düzgün istiqamətdə seçəcəklər", - deyə Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı vurğulayıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Oxunub: 237



XƏBƏR LENTİ