1980-ci
illərdə Birləşmiş Millətlər Təşkilatının Kosmos Müqaviləsindəki bir
boşluğu fərq etdiyini iddia edən Dennis Houp, Ayın və Günəş sistemindəki
digər planetlərin mülkiyyətinin ona məxsus olduğunu irəli sürür. Bu
iddiasını müxtəlif sənədlərlə əsaslandırsa da, rəsmi hüquqi etibarlılığı
yoxdur.
Qaynarinfo xəbər verir ki, "Ay kimindir?" sualına əksəriyyət "heç
kimindir" cavabını versə də, Dennis Houp üçün cavab daha iddialıdır:
"Mənim və məndən Ay satın alanların...". Onun iddiasına görə bu qrupa
bir sıra keçmiş ABŞ prezidentləri də daxildir.
Kosmosda ilk "torpaq sahibi"nin doğuşu
Hər şey 1980-ci illərdə başlayıb. Təxminən bir il işsiz qalan Houp,
1967-ci ildə imzalanmış Kosmos Müqaviləsini diqqətlə araşdırıb.
Müqavilədə dövlətlərin Ay və digər göy cisimləri üzərində mülkiyyət
iddiası irəli sürə bilməyəcəyi açıq şəkildə qeyd olunur, lakin fərdi
şəxslər haqqında heç nə deyilmir. Houp da bu hüquqi boşluqdan istifadə
edə biləcəyini düşünərək hərəkətə keçib.
San-Fransiskodakı bir hökumət ofisinə gedərək Ayın bütövlükdə özünə
məxsus olduğunu və eyni zamanda Günəş sistemindəki digər planet və
peyklərin səthində də hüquq iddia etdiyini bildirib. Daha sonra bu
iddiasını rəsmi şəkildə BMT-yə və keçmiş SSRİ-yə məktubla çatdırıb.
Cavab almadığı üçün bunu "susqun razılıq” kimi dəyərləndirib.
"Lunar Embassy" ilə satışa çıxarılan planetlər
Dennis Houp sonradan "Lunar Embassy" adlı internet saytı vasitəsilə
Ay və digər göy cisimlərində "torpaq satışı”na başlayıb. 2019-cu ilə
qədər bu təşəbbüsdən azı 12 milyon dollar gəlir əldə etdiyi təxmin
edilir. Satışa çıxarılan ərazilər arasında Venera, Merkuri və hətta
Pluton da yer alır. Qiymətlər 34.99 dollardan başlayır, Plutondakı
xüsusi sahələr isə mədənçilik hüquqları ilə birlikdə 250 min dollara
qədər yüksəlir.
Lakin bu satışlarla bağlı kiçik bir qeydə də yer verilir: əgər
həmin ərazilərdən mədənçilik yolu ilə gəlir əldə edilərsə, gəlirin 10
faizi Yer üzündəki "Qalaktik hökumət"in humanitar layihələrinə
bağışlanmalıdır. Təbii ki, bu "Qalaktik hökumət" Houpun özünün
yaratdığı, "konstitusiyası, konqresi və pul vahidi olan demokratik bir
respublika” kimi təqdim etdiyi bir qurumdur.
Hüquqi baxımdan keçərsiz iddialar
Houp müştəriləri arasında Cimmi Karter, Ronald Reyqan və Corc Buş
kimi şəxslərin də olduğunu irəli sürsə də, bütün Günəş sisteminə sahib
olduğunu söylədiyi nəzərə alınarsa, bu iddialara ehtiyatla yanaşmaq
məsləhətdir. Bu "əmlak alqı-satqıları” hüquqi cəhətdən keçərli sayılmır;
alıcılar əslində simvolik bir sertifikat əldə edirlər.
Bununla belə, Houpun hekayəsi gələcəkdə üzləşə biləcəyimiz daha
ciddi sualları gündəmə gətirir. Kosmos texnologiyalarının inkişafı ilə
göy cisimlərində mülkiyyət məsələsi sırf spekulyativ mövzu olmaqdan
çıxaraq real hüquqi və siyasi mübahisələrin predmetinə çevrilə bilər.
Hazırda heç bir dövlət və ya beynəlxalq təşkilat Houpun iddialarını
tanımır. Amma gələcəkdə Ayda otellər inşa edildikdə və ya Marsda yaşayış
məntəqələri qurulduqda, bu cür mülkiyyət məsələləri yenidən müzakirəyə
açılacaq.
Hələlik bu suallara dəqiq cavab verilməsə də, bir şey aydındır:
kosmosdakı torpaq üstündə mübarizə gerçək mənada başladıqda, cavablar
çox daha mürəkkəb və uzunmüddətli danışıqlarla formalaşacaq.
Aydın
Oxunub: 1