Valyuta məzənnəsi

Qarabağ savaşı Ermənistanı çökdürdü - 19 min nəfər itki, 39,3 milyard dollar ziyan

Tarix:13-01-2021, 00:39

Qarabağ savaşı Ermənistanı çökdürdü - 19 min nəfər itki, 39,3 milyard dollar ziyan


"İkinci Qarabağ Savaşı Ermənistanı çökdürdü. 10 min nəfər itirmişik. 5 min nəfər Qarabağda həlak oldu, 12 min nəfər isə iqtisadiyyat üçün itirilib, çünki ağır və orta yaralılar, əlillərdir. Budur Paşinyanın ölkəyə verdiyi xeyir."

Ermənistan Siyasi Araşdırmalar Mərkəzinin analitiki, tanınmış erməni siyasi şərhçi Hakop Tatulyan bu gün İrəvanda Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun keçirdiyi toplantıda belə deyib.

Onun fikrincə, savaş nəticəsində Ermənistan 39 milyard dollar itirib.

Ermənistandakı Hərbçilərin Sığorta Fondunun Qəyyumlar Şurasının üzvü Mesrop Manukyan da təxminən eyni rəqəmi səsləndirib.

O, Facebook profilində yazıb ki, Qarabağdakı 44 günlük savaş Ermənistana 38,4 milyard dollar ziyan vurub.

Həmin itkilər belədir:

1. İnsan tələfatı - təqribən 7 milyard dollar. 5 min nəfərə yaxın həlak olanlar və itkin düşənlər, təxminən 5 min nəfər 1-ci qrup əlili, 6 min nəfər 2-ci qrup əlili, 2 min nəfər də sağlam olmalarına rəğmən, cəmiyyət üçün natamam fərdlər. Avropa Şurasının dəyərləndirməsinə görə, orta statistik vətəndaşın həyatının dövlət üçün ekvivalenti 3,1 milyon avrodur.

2. "Hayastan" Ümumerməni Fondu hazırda Azərbaycanın nəzarətindəki ərazilərə təqribən 150 milyon dollar investisiya yatırmışdı. Ermənilər, sadəcə, Şuşada 15 milyon dollar xərcləmişdilər. Qarabağda ermənlərin sərmayə kapitalı baxımından itkiləri 500 milyon dollardır

3. Ermənistanın müdafiə sisteminə və ordusuna 3,2 milyard dollarlıq ziyan dəyib.

4. Kəlbəcərdəki Zod qızıl yatağının Azərbaycanın nəzarətinə keçməsi ermənilər üçün təqribən 8 milyard dollarlıq itkidir

5. Ermənilərin Qarabağda itirdikləri su-elektrik stansiyalarının dəyəri təqribən 600 milyon dollardır. Fəqət, SES itkiləri bununla bitmir. Ermənistan qarabağlı ermənilərdən yetərincə aşağı, ucuz qiymətə elektroenerji almaq imkanlarını itirib. Həmin SES-lər Ermənistana elektroenerji təminatı məsələsində müəyyən manevr imkanları verərək, enerji təhlükəsizliyi məsələlərini həll etməyə imkan verirdi.

6. Ermənistandakı rəsmi statistikaya görə, işğal altında olan Qarabağda hər il 150 min ton taxıl və dənli bitkilər yetişdirilirdi. Həmin ərazilər azad ediləndən sonra ermənilər ərzaq təhlükəsizliyi məsələsində də uduzublar.

İlkin hesablamalara görə, Qarabağ savaşı nəticəsində 95,6 min hektar əkin sahəsi azad olunub. Ermənistandakı tütünün 32 faizi Qarabağda yetişdirilirdi. Ən keyfiyyətli meyvə-tərəvəz Ermənistana Qarabağdan aparılırdı. İşğal edilmiş ərazilərdə ermənilər hər il 286,5 milyon dollarlıq kənd təsərrüfatı məhsulları becərirdilər. Ət və ət məhsullarını da unutmayaq: belədə itkilər 3 milyard dollara çatır.

7. Ermənistandakı Hərbçilərin Sığorta Fondunun 1,2 milyard dollarlıq borcları yaranıb. Yəni İkinci Qarabağ Savaşında həlak olan, itkin düşən, əlil olan ermənilərə məhz bu məbləğdə sığorta vəsaitləri ödənməlidir.

8. Ermənistanın bank sistemində itkilər təqribən 1 milyarddır.

9. Qarabağdakı 15 mineral mədəninin 10-u işğaldan azad olunmuş ərazidədir. Bu isə Ermənistanın 3 milyard dollar itkisi deməkdir.

10. Ermənistanın infrastrukturuna 2 milyard dollarlıq ziyan dəyib.

11. Hadrutdakı "Kataro" şərab və Qubadlının Xanlıq kəndində Ermənistanın "Masis Tobacco" şirkətinin bölməsinin itirilməsi nəticəsində Ermənistanın itkiləri təqribən 100 milyon dollardır

12. Ermənistan əhalisinə dəymiş toplam ziyan 3 milyard dollara yaxındır

13. İşğaldan azad edilmiş ərazilər Ermənistan üçün meşələr, torpaq, su, yaşayış fondu və s. baxımından 7 milyard dollarlıq itkidir.

Rusiyadakı erməni diasporunun faktiki rəhbərlərindən biri, Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan isə hesab edir ki, İkinci Qarabağ Savaşı nəticəsində Ermənistanın itkiləri təqribən 40 milyard dollardır.

Təbii, bu rəqəmlər şişirdilmə və fantastik təsir bağışlaya bilər, lakin obyektiv və rasional hesablamalar göstərir ki, Qarabağdakı savaş Ermənistanı minimum 25 illik problemlər girdabına düçar edib./Obyektivxeber.info

YeniAN.info

Oxunub: 192



XƏBƏR LENTİ