Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın “Astana” klubu Avropa Liqasının qrup mərhələsinə yüksəlib.”Report”un məlumatına görə, eyniadlı şəhərin təmsilçisi Avroliqanın pley-off mərhələsində Kipr APOEL-ini mübarizədən kənarlaşdırıb.
Ötən həftə səfər matçında 0:1 hesabı ilə uduzmuş “Astana” bu gün cavab görüşünün əsas vaxtını eyni hesablı üstünlüklə başa vurub. Yeganə qolu 16-cı dəqiqədə “Qarabağ”ın sabiq yarımmüdafiəçi Pedro Enrike vurub. Əlavə vaxtda hesab dəyişmədiyindən, cütün qalibi penaltilər seriyasında müəyyənləşib. Bu zaman “Astana” daha dəqiq olub – 2:1. Qazaxıstan çempionunun qollarını məhz “Qarabağ”ın sabiq futbolçuları – Riçard Almeyda və Pedro Enrike vurub. APOEL-dən isə Nunu Moraiş fərqlənib. Qalan oyunçular zərbəni dəqiq yerinə yetirə bilməyiblər.
Beləliklə, “Astana” ardıcıl üçüncü mövsüm Avropa Liqasının qrup mərhələsinə yüksəlib. 2015-2016 mövsümündə isə bu komanda Çempionlar Liqasının qrup mərhələsində çıxış edib.
obyektivxeber.info