Bu gün Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışları start götürür.
YeniAN.az xəbər verir ki, yarışlarda rekord sayda - 48 ölkədən 173 idmançı iştirak edəcək.
Turnirdə ölkəmizin idman şərəfini Samirə Qəhrəmanova, Nazənin Teymurova, Nikita Simonov və İvan Tixonov qoruyacaqlar.
Dünya kuboku yarışlarının yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy” kuboku təqdim olunacaq.
Turnirin birinci günündə kişilər sərbəst hərəkətlər, paralel qollar, halqalar, qadınlar isə dayaqlı tullanam və müxtəlif hündürlüklü qollar üzrə təsnifat yarışlarında güclərini sınayacaqlar.
Ən güclü idmançıların çətin və əzmkar mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışları üçün 7, final mərhələləri üzrə isə 12 manatdır.