Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi respublikanın avtomobil yollarında fevralın 20-ə olan vəziyyətlə bağlı məlumat yayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda respublika ərazisindəki yollarda yağıntı yoxdur. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba və Qusar rayonları ərazisindən keçən, buzlaşma olan hissələrinə səhər saatlarında duz-qum səpilərək təhlükəsiz hərəkət təmin olunub. Quba rayonunun Xınalıq kəndinə və Qusar rayonunun Şahdağ ərazisinə gedən yollarda buzlşmaya qarşı müvafiq tədbirlər həyata keçirilib.
Giləzi–Xızı, Bakı–Qobustan və Qobustan-Şamaxı-Muğanlı yolunda səhər saatlarında yollara qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı-Ağsu–Yevlax və Muğanlı–İsmayıllı yolunun Ağsu dolaylarından keçən buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib. İsmayıllı–Qəbələ-Oğuz–Şəki yolunda da müvafiq işlər görülüb.
Bakı-Ələt–Hacıqabul, Hacıqabul–Ucar–Yevlax, Yevlax–Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi, həmçinin Şəki–Qax–Zaqatala–Gürcüstan ilə dövlət sərhədi, Yevlax–Şəki (Göybulaq) və Gəncə-Daşkəsən–Xoşbulaq, Şəmkir-Gədəbəy avtomobil yollarında nəqliyyat vasitələri normal hərəkət edir.
Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi, Masallı–Yardımlı yollarında da nəqliyyat vasitələrinin hərəkəti üçün problem yoxdur. Lənkəran–Lerik və Hacıqabul–Bəhramtəpə–Horadiz yolunda səhər saatlarında hava dumanlı olub, hazırda avtomobillərin normal hərəkəti təmin edilib.
Oxunub: 387