Valyuta məzənnəsi

Türkiyə dekabrda Azərbaycandan 795 milyon kubmetrədək təbii qaz idxal edib

Tarix:1-03-2019, 13:47

Türkiyə dekabrda Azərbaycandan 795 milyon kubmetrədək təbii qaz idxal edibDekabrda Türkiyə Azərbaycandan 794,5 milyon kubmetr təbii qaz idxal edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, dekabrda Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi əvvəlki ilin eyni ayı ilə müqayisədə 200 milyon kubmetrədək artıb. Azərbaycan dekabrda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında Rusiya (2,26 milyard kubmetr) və İrandan (896 milyon kubmetr) sonra üçüncü olub.

Ötən ilin yanvarında Türkiyə Azərbaycandan 594,15 milyon kubmetr, fevral ayında 536,61 milyon kubmetr, martda 591 milyon kubmetr, apreldə 292,04 milyon kubmetr, mayda 601 milyon kubmetr, iyunda 578 milyon kubmetr, iyulda 595 milyon kubmetr, avqustda 636 milyon kubmetr, sentyabrda 749 milyon kubmetr, oktyabrda 771 milyon kubmetr, noyabrda 745 milyon kubmetr, dekabrda isə 794 milyon kubmetr qaz idxal edib. Beləliklə keçən il Azərbaycandan Türkiyəyə təqribən 7 milyard 483 milyon kubmetrdən çox qaz göndərilib.

Qeyd edək ki, Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. 2006-cı ilin sonlarında istismara verilən CQBK hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Ötən il boru kəmərinin gündəlik orta ötürücülük gücü 23 milyon kubmetrdən çox olub. İl ərzində CQBK ilə bağlı fəaliyyətlərə təqribən 39 milyon dollar əməliyyat və 352 milyon dollar isə əsaslı xərclər sərf edilib. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzSCP” (10 faiz), “Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).

Keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Bu vaxtadək TANAP-la Türkiyəyə 1,2 milyard kubmetrdən çox “Şahdəniz” qazı nəql edilib. TANAP-la bu il 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

Oxunub: 322



XƏBƏR LENTİ