Azərbaycan Mərkəzi Asiyaya açılan qapıdır, Türkiyə isə üç qitənin kəsişdiyi ərazidə yerləşir.
Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.
Nazir bildirib ki, Türkiyə ilə Azərbaycan Avrasiyanın nəqliyyat xəritəsini yenidən yaradır. Birgə həyata keçirdiyimiz layihələr gücümüzü artırmaqla yanaşı, digər ölkələrlə əməkdaşlığı da inkişaf etdirəcək və regionda nəqliyyat infrastrukturunun qurulmasına şərait yaradacaq. Bu layihələr və təşəbbüslər təkcə iqtisadi deyil, həm də böyük siyasi məna daşıyır, təhlükəsizliyi və sabitliyi artırır. Türkiyənin nəqliyyat sahəsində gördüyü işlər dünyaya səs salır. Azərbaycanla birgə həyata keçirilən layihələr Avropa İttifaqı–Çin ticarət şəbəkəsinə alternativ olub və Şərq-Qərb istiqamətində əhəmiyyətli bir marşrut yaradıb.
“Bir kəmər, bir yol” təşəbbüsü Çin, Asiya, Yaxın Şərq və Avropanı bir-birinə birləşdirən böyük bir nəqliyyat, investisiya, enerji və ticarət şəbəkəsini formalaşdırmağı hədəfləyir. Ölkələrimizin bu artan ticarət dövriyyəsindən və investisiya mühitindən daha çox pay götürməsi üçün əsas nəqliyyat dəhlizləri üzərində yerləşmək və nəqliyyat infrastrukturunu həmin istiqamətdə inkişaf etdirmək məcburiyyətindəyik”, - deyə Türkiyəli nazir qeyd edib.
“Müasir İpək Yolu da adlandırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Şərqlə Qərb arasındakı mövcud yolları tamamlayıcı və təhlükəsiz bir marşrut edir. Həmçinin Türkiyənin son 16 ildə nəqliyyat siyasətindəki əsas hədəfi Çindən Londonadək fasiləsiz yükdaşıma xətti yaratmaq və böyük həcmdə infrastrukturla bağlı investisiyalar həyata keçirmək olub. Uzaq Şərqdən Avropaya qədər uzanan, yüz illər ərzində ticarət karvanlarının keçdiyi məntəqə kimi tanınan Qədim İpək Yolunun Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə inkişaf etdirilməsi üçün həm Anadoluda, həm də Qafqaz regionu və Mərkəzi Asiyada dəmir yolu şəbəkəsinin təşkil edilməsi və avtomobil yollarının yenilənməsi ilə bağlı xeyli vaxtdır region ölkələri ilə əməkdaşlığımızı davam etdiririk. Bu məqsədlə Asiya-Avropa-Yaxın Şərq istiqamətində nəqliyyat şəbəkəsini inkişaf etdirmək üçün mühüm addımlar atır, ölkə daxilində də Şərq-Qərb və Şimal-Cənub istiqamətində layihələr reallaşdırırıq. Çünki “Bir kəmər, bir yol” təşəbbüsü bizim coğrafiyamızda yerləşən ölkələrin gələcəyi deməkdir. İnanırıq ki, Anadolu, Qafqaz regionu və Mərkəzi Asiya üçbucağında yükdaşımalar orta müddətdə indiki iqtisadi vəziyyətinin daha yüksək mərhələsinə çatacaq. Təbii ki, bu təşəbbüs təkcə iqtisadi deyil, xalqlar arasında mədəni və sosial əlaqələri də gücləndirəcək”, - deyə Mehmet Cahit Turhan bildirib.
Nazir vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çin və Mərkəzi Asiyadan ölkəmizə gələn bütün yolları birləşdirən mühüm infrastruktur olaraq çox böyük əhəmiyyət daşıyır. Bu layihə sadəcə üç ölkəni birləşdirmir. İngiltərə, Fransa, Belçika, Almaniya, Avstriya, Macarıstan, Serbiya, Bolqarıstan, Türkiyə, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Çini dəmir yolu ilə bir-birinə bağlayır. Bakıdan Qarsa qədər uzanan 829 kilometrlik dəmir yolu xətti Xəzərdən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun vacib bir hissəsini tamamlayır. Lakin bu layihənin əhəmiyyəti qarşıdakı illərdə daha çox aydın olacaq. Çin və Avropa arasındakı ticarət hazırda günlük 1,5 milyard dollara çatır. Bu ticarət axınının artaraq davam etməsi və qarşıdakı 5-6 ildə ticarət dövriyyəsinin gündəlik 2 milyard dolları keçəcəyi gözlənilir.
“Azərbaycan və Türkiyə coğrafi mövqelərinə görə regionun ən vacib tranzit mərkəzlərindəndir. Azərbaycan Mərkəzi Asiyaya açılan qapıdır, Türkiyə isə üç qitənin kəsişdiyi ərazidə yerləşir. Biz yükdaşıyıcılarına həm fərqli marşrutlar, həm də fərqli nəqliyyat vasitələri təklif edərək onlara fayda verməyə çalışırıq. Öz ölkəmizlə yanaşı, region ölkələrinin ixrac mallarının çeşidlənməsinə şərait yaradır, iqtisadi mənada qazanclarını artırmağa səbəb oluruq. Bununla bağlı ən gözəl nümunə Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. İxrac mallarını dəmir yolu ilə daşıyaraq başlanğıc və son mərhələlərini quru, dəniz yolu ilə həyata keçirərək bir çox ərazilərə çatdırırıq. Şərq ilə Qərb arasında alternativ marşrut təklifi ilə yanaşı, Şimal-Cənub istiqamətində də alternativ olmağı düşünürük”, - deyə nazir əlavə edib.
Müsahibənin tam mətni: