Valyuta məzənnəsi

Azərbaycanda “qara mühasibatlıq”: Pensiya yaşına da təsir edir - TƏHLİL

Tarix:28-10-2019, 13:13

Azərbaycanda “qara mühasibatlıq”: Pensiya yaşına da təsir edir - TƏHLİL


Azərbaycanda pensiya yaşının artırılması müzakirə mövzusu olan məsələlərdən biridir.

Lakin sosial rifah səviyyəsi yüksək olan Avropada da bu istiqamətdə addımların atılması ilə bağlı təkliflər səslənir. Almaniya Federal Bankı (Bundesbank) vətəndaşların pensiya yaşını 69,3 yaşına qaldırmağı təklif edib. Əgər təşəbbüs qəbul edilsə, dəyişikliklər 2001-ci ildə anadan olan ölkə vətəndaşlarına şamil ediləcək. Pensiya yaşının 2070-ci ilə qədər qaldırılması təklif olunur. Hazırda Almaniyada bu 65 yaş 7 aydır və 2029-cu ilə bu 67 yaşa qədər çatdırılacaq.

Danimarka hakimiyyəti də pensiya yaşını yuxarı qaldırır. Növbəti on ildə krallıq vətəndaşları 65 deyil, 67 yaşında təqaüdə çıxacaqlar. 2035-ci ilə qədər Danimarkada pensiya yaşı 72-yə çata bilər. Bundan əvvəl, yerli vətəndaşların erkən təqaüdə çıxma yaşı 60-dan 66 yaşa qədər artırılıb. Hazırda kişilərin 67, qadınların isə 64 yaşında təqaüdə çıxdığı Norveçdə 2030-cu ilə qədər eyni sistem tətbiq ediləcək. Belə ki, cinsindən asılı olmayaraq, ölkə vətəndaşları 67 yaşında pensiyaya çıxacaq. Qeyd edək ki, pensiya yaşı əksər ölkələrdə orta ömür həddinə əsasən, hesablanır. Avropada əhalinin orta ömür həddi isə Azərbaycandan xeyli yüksəkdir. Almaniya da bu göstəricinin yüksək olduğu ölkələrin sırasındadır. Bu ölkədə orta yaş həddi kişilərdə 81, qadınlarda isə 83 yaşdır.

Orta yaş həddi Danimarkada 80, Avstriyada, Belçika, Birləşmiş Krallıqda 81, Finlandiya, Fransa, İsveç və İtaliyada 82, İspaniya, İsveçrə, Norveçdə 83, Yunanıstanda kişilər üçün 81, qadınlarda 83 yaşdır. Əlavə edək ki, digər dünya ölkələri arasında Yaponiyada orta ömür həddi 83, qadınlarda 86, Avstraliyada kişilərdə 82, qadınlarda isə 84-dür. Ən aşağı yaş həddi siyahısında isə Türkmənistan 63 yaşla birincidir. Bu ölkədə kişilərin doğulanda gözlənilən ömür uzunluğu 58 yaşdır. Hindistan, Rusiya, Qazaxıstan, Ermənistan Ukrayna da Azərbaycan kimi az ömür yaşayanlar siyahısında yer alır. Azərbaycanda qadınlar üçün gözlənilən orta ömür həddi 78 yaşdan, kişilər üçün 73 yaşdan çoxdur. Əmək pensiyalarına gəlincə, xatırladaq ki, bu ilin iyun ayında kişilərin pensiya yaşı 64, qadınların isə 61 olub. Gələn ilin iyunun 30-dan etibarən kişilərin pensiya yaşı 64 il 6 ay, qadınlarınkı isə 61 il 6 ay olacaq. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunda yaşa görə əmək pensiyası hüququ olaraq qeyd olunur ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var. Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq müəyyənləşdirilir. Göründüyü kimi, Avropa ölkələri ilə Azərbaycanda əhalinin orta yaş həddində bir sıra hallarda 10 ilədək fərq var. Avropada sosial rifah səviyyəsinin yüksək olması da nəzərə alınarsa, bu ölkələrdə pensiya yaşının yüksəldilməsi normal hesab oluna bilər.

Azərbaycanda pensiya yaşı orta ömür həddinə müvafiqdirmi?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda tətbiq olunan pensiya yaşı beynəlxalq normalara uyğundur: “Təxminən bir insanın pensiyaya çıxandan sonra təxminən 12 il pensiya alması nəzərdə tutulur. Hazırda orta ömür həddi ilə pensiya yaşının arasında fərq kişilər üçün 9, qadınlar üçün isə 17 ildir. Nəzərə alınsa ki, qadınlar üçün pensiya yaşının həddi 2027-ci ilə qədər artırılacaq, o zaman bu fərq 13 ilə düşəcək. Əslində, bizdə, eləcə də regionda pensiya fonduna yığım məsələsində problemlər mövcuddur. Son günlərdə ölkə Prezidenti də bir daha bu məsələyə toxundu. Qeyri-formal əmək bazarının mövcud olması, ikili müsahibatlıq yığım prosesinə əngəl törədir.

Təqaüdlərin verilməsi Pensiya Fonduna yığılan vəsaitin hesabına həyata keçirilir və toplanan vəsait az olduğuna görə yaş həddini artırırlar”.

Avropa ölkələrində fərqli kriteriyaların əsas götürüldüyünü deyən Sahib Məmmədov qeyd etdi ki, “Qoca qitə”-də sosial firəvanlıq dövrü başa çatdığından sonra narahatlıqlar başlayıb:

“Avropada demoqrafik proseslər mənfi istiqmətdə inkişaf edir, əhalinin yaş tərkibi artmaqda davam edir. Azərbaycanda əhalinin 62 faizi 40 yaşından aşağı olanlardır. Yaşı 70-dən yuxarı olanlar ümumi əhalinin 4 faizini təşkil edir. Avropada isə yaşlı əhali çoxdur. Ona görə də Avropanın sosial təminat sistemi əvvəlki - “firəvan” dövr üçün hesablanmış normativlərə “dözmür”. Buna görə də onlar da pensiya yaşının artırılması ilə bağlı addımlar atmağa başlayıblar. Yəni problemlər fərqlidir. Bizdə Pensiya Fonduna yığım məsələsində problemlər varsa, onlarda əhalinin yaş tərkibi ilə bağlı problem var”.

Sahib Məmmədov deyir ki, Azərbaycanda pensiya yaşının azaldılması üçün “yığım” məsələsinin qaydaya salınması vacibdir: “Qeyri-formal əmək bazarı, ikili müsahibatlıq ləğv olunmalı, əhalinin real əməkhaqqına uyğun “yığım” həyata keçirilməlidir. Bundan sonra artıq əhalinin orta ömür həddi ilə pensiya yaşı arasındakı fərqin optimal olması haqqında düşünmək olar”.

Sosial sığorta hesabına müəyyən vəsait yığılmış vətəndaş həyatını dəyişdiyi zaman “vərəsəlik” prinsipinin tətbiqinə gəlincə isə, ekspert qeyd etdi ki, Azərbaycanda təqaüdlərin verilməsində belə bir prinsip əsas götürülür: “Hazırda işləyənlərin sosial siğortası təqaüdlərin verilməsinə yönəldilir. Onlar pensiya yaşına çatan zaman da digər işləyənlərdən “yığılan” puldan pensiya alacaqlar. Əvvəllər bu, ümumiyyətlə, “həmrəylik” prinsipi ilə həyata keçirilirdi və fərdi qaydada ödənişlər hesablanmırdı. İndi fərdi yığım sistemi mövcud olsa da, vəsaitin bölünməsində “həmrəylik” sistemi qalır. Plastik kartların isə heç bir önəmi yoxdur. Dövlət Sosial Müdafiə Fondu lüzumsuz yerə həmin kartların çapına, çoxaldılmasına vəsait xərcləyir. Bu kartlar ləğv olunmalıdır. Vətəndaş hesabına yığılmış pulu hesablaya bilər, amma bu onun həmin vəsaitin üzərində sərəncam hüququnun olması demək deyil”.

Sahib Məmmədov onu da qeyd edib ki, “vərəsəlik” sistemi tətbiq olunarsa, bu bütöv kapitalın hesabdan cıxarılması formasında deyil, varisə pensiya verilməsi formasında həyata keçirilə bilər. Pensiya yaşına çatmamış varislərə bu vəsait verilə bilməz.

Oxunub: 228



XƏBƏR LENTİ