Valyuta məzənnəsi

Evi olmayanların diqqətinə - Sosial mənzillərlə bağlı TƏKLİF

Tarix:28-10-2019, 14:00

Evi olmayanların diqqətinə - Sosial mənzillərlə bağlı TƏKLİF"Çoxlu sayda gənc ailələr güzəştli kateqoriyaya düşmədikləri üçün sosial ev ala və güzəştli ipoteka kreditlərinə müraciət edə bilmirlər".

Bu sözləri iqtisadçı Vüqar Bayramov sosial mənzillərlə bağlı yazmış olduğu məqaləsində bildirib.

Onun sözlərinə görə, sosial mənzil və eləcə də güzəştli ipoteka kreditinə müracət hüququnun necə müəyyənləşdirilməsi son dövrlər müzakirə edilən məsələlərdəndir. Bu isə evsiz gənc ailələrinin bir qisminin məhz bu güzəştlərdən yararlanmasına imkan vermir:

"CESD-nin tədqiqatları göstərir ki, güzəştli kateqoriyaya daxil olan qrupların siyahısına yenidən baxılıb dəyişdirilməsinə ehtiyac var. Belə ki, bu güzəştli siyahı müəyyənləşdirilən zaman çatışmazlıqlara yol verilib. Məsələn, qaydalara əsasən ən azı 3 il dövlət qulluğunda və o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs sosial mənzilə müraciət edə bilər. Dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs yalnız 5 ildən sonra bu hüququ əldə edir. Bu o deməkdir ki, qüvvədə olan qaydalara görə, məmur 3, müəllim isə 5 ildən sonra güzəştli mənzil və ya ipoteka əldə etmək hüququ qazanır. Maraqlıdır, hansı meyarlar ilə məmurlar üçün 3 il, müəllimlər üçün daha uzun müddət müəyənləşib? Məgər, cəmiyyət üçün müəllim məmurdan az faydalıdır? CESD təklif edir ki, müəllimlər üçün güzəşt hüququ 1 ilə endirilsin və onlara daha qısa zamanda güzəştli mənzil əldə etmək hüququ verilsin.

İkincisi, 15 il məmur işləyən vətəndaşlarımıza gənc ailə olmasa da güzəşt əldə etmək hüququ verilir. Amma müəllimlər üçün belə hüquq yoxdur. Bu o deməkdir ki, müəllim ailəsində ailə başçılarının birinin yaşı 35-dən çoxdursa, o, sosial mənzilə və güzşətli ipotekaya müraciət hüququna malik olmur. Buna görə də, 15 ildən çox müəllim işləmiş vətəndaşlarımıza da gənc ailə olmasa da belə, hüququn verilməsi sosial ədalət baxımdan çox vacibidr.

Üçüncüsü, daha yaxşı olardı ki, məcburi köçkünlər, şəhid ailələri və milli qəhrəman ailələrin ev problemləri dövlət pulsuz mənzil təminatı çərçivəsində həll olunsun. Bu kateqoriya vətəndaşlarımızın sosal vəziyyətini nəzərə aldıqda onların pulsuz mənzil ilə təminatı davam etdirilməlidir. İnyədək məcbur köçkünlərə 34 591 mənzil verilib və onların sosial vəziyyətinin yaxşııaşdırılması üçün 7.1 milyard manat vəsait ayrıldığını nəzərə alsaq dövlət vəsaiti hesabına pulsuz mənzillərin təqdim edilməsinin davamlılığına nail olmaq mümkündür.

Dördüncüsü, güzəştli kateqoriyanın genişləndirilməsinə və ödəmə qabiliyyəti olan hər bir gənc ailəyə belə hüququn verilməsinə ehtiyac var. Gələn il Mənzil İnşaat Dövlət Agentliyi Hövsanda 3 min mənzili satışa çıxarmaq niyyətindədir. Gəncə, Sumqayıt və digər bölgələrimizdə də sosial binalar inşa edilməkdədir və ya ediləcək. Belə olan halda müraciət hüququ verən siyahıya baxıb onun genişləndirilməsinə ehtiyac var. Xüsusən də regionlarda müraciət hüququ daha çox vətəndaşlarımıza şamil olunmalıdır.

Digər tərəfdən, bu gün qeydiyyatsız evlərdə yaşayanlar həyət evlərini inşa etmək üçün evin ölçüsündən asılı olaraq 40-80 min manat pul xərcləyirlər. Amma hələ də evləri qeydiyyata alınmayıb və mülkiyyət hüquqları tanınmır. Əgər 40-50 min manatlıq 3 otaqlı ekonom evlər təklif olunardısa onlar qeydiyyatsız evlər inşa edərdilərmi? Əksəriyyəti bu halda qeydiyyatlı və təmirli mənzillərə üstünlük verərdi. Bu baxımdan, sosial evlər məhz həmin ailələrin də mənzil probleminin aradan qaldırılmasına ünvanlanmalıdır".

Oxunub: 314



XƏBƏR LENTİ