Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Gəncədə vətəndaşları qəbul edib.
“Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, qəbula gələn Gəncə şəhəri, Daşkəsən və Kəlbəcər rayonlarından olan vətəndaşlar güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət müəssisələrinin yaradılması, məhsul satışı və ixracına dəstək göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir dinləyib, məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib.
İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara ətraflı izahat verilib, bu müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.
Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların bağçılıq, tərəvəzçilik, kartof istehsalı, turizm obyektinin tikintisi, qaz avadanlıqlarının istehsalı, gips əsaslı tikinti materiallarının istehsalı və qablaşdırılması və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Gəncədə keçirilmiş qəbulda Gəncə şəhəri, Kəlbəcər və Daşkəsən rayonlarından olan vətəndaşlarla yanaşı, digər şəhər və rayonlardan olan və qəbul zamanı birbaşa müraciət edən vətəndaşlar da qəbul edilib, onların müraciətlərinin həlli üçün tədbirlər görülüb.