Bərdə rayon Telekommunikasiya İdarəsi 3 aydan çoxdur ki, Mustafaağalı sakininin telefonunu bərpa edə bilmir
İdarənin yarıtmaz işinin nəticəsi olaraq, rayonda nə telefon, nə də internet xəttləri düz əməlli işləmir.
Ölkəmizin kosmosa raket çıxardığı dövrdə Bərdədə rabitənin durumu heç də ürəkaçan deyil. Telefon xəttlərindən , internetin surətindən sakinlər dad edirlər. Sputnik Azərbaycan Bərdə sakinlərini dinləyəndən sonra belə qənaətə gəlib.
Mustafaağalı kənd sakini , şəhid anası Əsli Muradova aylıq abunə pulunu ödəsə də telefonu ilin çox vaxtı işləmir.” Mənə məxsus telefon işləmir. Buna görə kənd ATS-nə dəfələrlə müraciət eləsəm də düzəlmir. “Yaxşı”- deyirlər, ancaq yaranmış texniki nasazlığı aradan qaldırmırlar. Bərdə Rayon Telekomminikasiya İdarəsinin rəisi Rəfayıl Məmmədov mənim istifadə etdiyim telefona texniki qulluq göstərilməsindən faktiki olaraq imtina edir. 3 aydan artıqdır ki, mən belə bir problemlə üz-üzəyəm.”-deyə şəhid anası Əsli Muradova bildirib.
Bərdə rayon Telekomunikasiya İdarəsinin rəisi Rəfail Məmmədovdan məsələyə aydınlıq gətirilməsinə cəhd olunsa da möhtərəm şəxslə danışmaq mümkün olmayıb. Belə ki, telefon zənginə cavab verməyib. İdarənin baş mühəndisi Yunis Məmmədov isə “ düzələcək” deyərək yaranmış problemin aradan qaldırılmasına mane olan səbəbi qeyd edib. Səbəbi də dediyinə görə kabellikdir. “Telefon kabelin zədələnməsinə görə işləmir . Kabel magistral yolun altından keçdiyinə görə texniki nasazlığın aradan qaldırılması çətinləşib. Orada görüləsi xeyli iş var. Yol yarılmalı, kabel çıxarılıb, dəyişdirilməlidir.Bunun üçün də Yol idarəsiindən razılıq alınmalıdır. Gecikməyə , səbəb də elə məhz, budur.”- deyə baş mühəndis bildirib.
Aylarla işləməyən telefonun xidmətə qaytarılması belə bir cavabla təmin edilmir. Hansı ki, kabelin bərpası üçün alternativ imkanlarında nəzərdən keçirilməsi mümkündür. Məsələn, yolu yarıb, əvvəlki kimi kabeli olduğu yerdən deyil, hava aşırması ilə aparmaq olar.
Bərdə şəhər sakini Nilufər Əliyeva ailəsinə məxsus telefon nömrəsini ünvan dəyişikliyindən sonra köçürmək üçün Bərdə rayon Telekomunikasiya İdarəsinə müraciət edib . İdarədən telefonun çəkilişindən imtina olunub . Bərdə rayon Telekomunikasiya İdarəsinin baş mühəndisi vətəndaşın müraciətinə müsbət cavab verə bilməyəcəklərini bildirib. Səbəb də evlə nömrə yuvaları arasında məsafənin uzaq olması kimi izah olunub .
Bərdə rayon Mehdili İnzibati Ərazi Dairəsində yerləşən Qaradəmirçi kəndində də rabitənin günü ürəkaçan deyil. Kənd sakini İsrafil Paşayev telefon və internetdən istifadə eləmək imkanından tez-tez məhrum olur. Bərdə rayon Telekommunikasiya İdarəsinin rəisi Rəfayıl Məmmədova rabitədən istifadə edə bilməməsi barədə məlumat versə də heç nə dəyişməyib.
Bərdədə telefon və internetin keyfiyyətinin aşağı olması barədə hamı danışır. Problemin aradan qaldırılması üçün isə yetərli işlər görülmür.Ölkə başçısının məmurlar üçün müəyyən etdiyi prioritet vəzifə - vətəndaş məmnunluğunu təmin etmək tapşırığına bununla da demək olar ki, əməl olunmur.
Ümid edək ki, AZTELEKOM Bərdədə yaranmış sitiuasiyanı aradan qaldrmaqla vətəndaşların haqlı narazılığına son qoyacaq. Yerli sakinlərin keyfiyyətli rabitə xidmətlərinə çıxışı təmin eiləcəkdir.