Özəl gününə gözəl hazırlaşan qızlar toydan öncə xəyallarındakı gəlinliyi axtarmağa başlayır.
"Kommersant.az" xəbər verir ki, daş-qaşlı, bəzəkli parçalardan hazırlanan gəlinliklərin satış qiyməti 2500 -10 min manat arasında dəyişdiyi üçün onları kirayə götürmək daha ucuz başa gəlir. Belə ki, həmin libasların icarəsi 300-7000 manata başa gəlir.
Paytaxtda fəaliyyət göstərən gəlinlik mağazalarındakı satış və icarə qiymətləri ilə bağlı kiçik araşdırma apardıq. Məlum oldu ki, müştərilər əsasən kirayə gəlinlik götürməyə üstünlük verir. Gəlinliklərin satış və icarəsi isə gətirildiyi ölkədən, modelindən, svarovski qaşlarla bəzədilib-bəzədilməməsindən asılı olaraq dəyişir.
Satış qiyməti 2500 manatdan başlayır
"Celine"də gəlinliklərin icarə qiyməti 400-1000 manat arasında dəyişir. Gəlinliyin satış qiyməti modelindən, işləmədən, svarovski qaşlarla bəzədilib-bəzədilməməsindən asılı olaraq fərqlənir.
İcarə qiymətləri donların geyinilmə müddətindən asılı olaraq dəyişir
"Nezzin"də gəlinliklər çox aşağı qiymətə təklif edilir. Belə ki, burada gəlinliklərin icarə qiymətləri 300-1000 manatadır. Qiymətlər donların geyinilmə müddətindən asılı olaraq dəyişir. Mağaza, çox geyinilmiş gəlinlikləri ucuz qiymətə təklif edir. Gəlinliklərin satış qiyməti isə 500, 1500 manatdır.
Satış qiyməti 1000 manatdan başlayır
"Cagteks"də gəlinliklərin icarə qiyməti 400-7000 manat arasında dəyişir. Müştəri ilə razılıq əsasında qiymətlərə endirim də edilir.
Geyinilməmiş libasın qiyməti 700 manatdan başlayır
"Royal Wedding"də 1 dəfə geyinilmiş gəlinlik 300 manatdan başlayaraq icarəyə verilir. Modellərdən asılı olaraq qiymət dəyişir. Satış qiyməti isə 2500-3500 manatdır.
6000 manata "icarə gəlinlik"
"Bəyaz Gəlinlik"də libasın icarə qiyməti 400 manatdan başlayır. Mağaza əməkdaşının sözlərinə görə, elə kirayə gəlinliklər var ki, onun icarə qiyməti 6000 manatdır. Satış qiyməti isə, gəlinliyin gətirildiyi ölkə (İspaniya, Dubay və s.) və işləməsindən asılı olaraq dəyişir.
Daim endirimlər olur
"Trend Gəlinlik"də donun kirayəsi 300-3000 manat arasında dəyişir. Satışı isə 2000 manatdan yuxarıdır.
Kataloqla gələn gəlinlik trendləri baha satılır
"Casablanca Bridal-Baku"da gəlinliyin icarə qiyməti 250-800 manatdır. Satış isə 1000-2500 manata təklif edilir.