Valyuta məzənnəsi

Azərbaycan səfiri etimadnaməsini Mavritaniya Prezidentinə təqdim edib

Tarix:7-02-2019, 13:55

Azərbaycan səfiri etimadnaməsini Mavritaniya Prezidentinə təqdim edib
Azərbaycan Respublikasının iqamətgahı Rabat şəhərində olmaqla Mavritaniya İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Oktay Qurbanov etimadnaməsini Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizə təqdim edib.

AZƏRTAC xəbər verir ki, səfir Oktay Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Mavritaniyanın Prezidentinə çatdırıb. O.Qurbanov 2010-cu ildə Mavritaniya Prezidenti Məhəmməd Uld Əbdüləzizin Azərbaycana səfərinin ikitərəfli münasibətlərdə yeni bir mərhələnin başlanğıcı olduğunu qeyd edib, Mavritaniyada səfir təyin olunmasından şərəf duyduğunu və diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin daha da genişlənməsi üçün səylərinin əsirgəməyəcəyini vurğulayıb.

Mavritaniya Prezidenti Məhəmməd Uld Əbdüləziz öz növbəsində Azərbaycan xalqına və Prezident İlham Əliyevə səmimi salamlarının çatdırılmasını xahiş edib, dost ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişafı üçün geniş potensialın mövcud olduğunu bildirib. Prezident bu potensialın xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etməsinin zəruriliyinin vurğulayıb.

Prezident Məhəmməd Uld Əbdüləziz səfir Oktay Qurbanova diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Mavritaniya Prezidenti ilə görüşündən əvvəl səfir Oktay Qurbanov etimadnaməsinin surətini bu ölkənin xarici işlər və əməkdaşlıq naziri İsmayıl Uld Şeyx Əhmədə təqdim edib.

Azərbaycan ilə Mavritaniyanın dost münasibətlərə malik olduğunu qeyd edən səfir Oktay Qurbanov ölkəmizin Mavritaniya ilə həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirib.

Mavritaniyanın xarici işlər və əməkdaşlıq nazirinə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə məlumat verən səfir Mavritaniyaya İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə, habelə beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığına əsaslanan ədalətli mövqeyinə verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Sonra səfir Oktay Qurbanov “Al Mouritaniya” Dövlət Televiziya kanalına müsahibə verib. Diplomat müsahibəsində iki ölkə arasındakı əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib, bu əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Oxunub: 323



XƏBƏR LENTİ