Valyuta məzənnəsi

XİN: Ermənistanın baş nazirinin əsassız bəyanatları erməniləri aldatmaqdan başqa bir şey deyil

Tarix:5-03-2019, 12:44

XİN: Ermənistanın baş nazirinin əsassız bəyanatları erməniləri aldatmaqdan başqa bir şey deyil
Avropa Parlamentində çıxışı zamanı Dağlıq Qarabağın gələcəyini orada yaşayan insanların müəyyən etməli olduğunu və Dağlıq Qarabağı təmsil etmədiyini iddia edən Ermənistanın baş nazirinə belə bir sual ünvanlamaq istərdim. Əgər belədirsə, o zaman Ermənistan vətəndaşı olan gənclərin digər ölkənin torpağında, yəni Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində nə işi var? Nə səbəbdən bu gənc insanlar öz həyatlarını itirməli olurlar?

AZƏRTAC xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan baş nazirinin Avropa Parlamentinin xarici əlaqələr komitəsində çıxışı zamanı səsləndirdiyi fikirləri şərh edərkən bildirib.

Leyla Abdullayeva deyib: “Ermənistanın baş nazirinin bu kimi əsassız bəyanatları nəinki beynəlxalq ictimaiyyəti, eyni zamanda, Ermənistanda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, eləcə də dünyada yaşayan erməniləri aldatmaqdan başqa bir şey deyildir.

Bölgənin “yeni şəkildə dialoq, sülh şəraitində birgə yaşama və iqtisadi əməkdaşlığa ehtiyacı var” fikrini səsləndirən Ermənistan rəsmisi əgər bu bəyanatını səmimiyyətlə söyləyirsə, sadaladıqlarına nail olmağın yeganə yolunun Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı məcburi köçkünlərin bu ərazilərə geri dönməsindən ibarət olduğunu dərk etməlidir.

Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan ilə münasibətləri normallaşdırmadan Ermənistan heç vaxt tam müstəqil olmayacaq. Demokratik yolla seçildiyini bəyan edən Ermənistan rəhbərliyi ən azından özü və xalqı qarşısında vicdanlı davranmalı və Azərbaycan ərazilərinin işğalından və əhalinin etnik təmizlənməsindən Ermənistanın və erməni xalqının nə qazandığı sualına cavab verməlidir. Bu çox sadə cavabı mən səsləndirməyəcəm, onu Ermənistan rəhbərliyindən eşitmək istərdim.
Oxunub: 299



XƏBƏR LENTİ