Valyuta məzənnəsi

Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb

Tarix:20-04-2019, 13:33

Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
AZƏRTAC-ın sədrliyi və Vyetnamın VNA agentliyinin ev sahibliyi ilə Hanoyda keçirilən Asiya və Sakit Okean İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 44-cü iclasının növbəti sessiyaları keçirilib.

Təşkilatın baş katibi Vüqar Seyidov görülən işlər və toplantının gündəliyi barədə məlumat verib.

Sonra çıxış edən OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov iclasda müzakirə edilən mövzulardan danışaraq hazırda xəbər agentlikləri qarşısında ciddi çağırışların dayandığını qeyd edib. "Günümüzün ən aktual məsələsi isə feyk xəbərlərdir ki, informasiya agentlikləri üçün daha çox çətinliklər yarada bilər. Amma gündəlik işimizdə əsaslandığımız jurnalistika ənənələri yalan və çaşdırıcı xəbərlərin qarşısında bir sipərdir. OANA-da birləşən xəbər agentliklərinin hamısı çoxillik, hətta bir əsrə yaxın tarixə malik olan media qurumlarıdır. Ona görə də OANA həqiqətən ən etibarlı xəbər istehsalçılarının komandasıdır. Feyk xəbərlərin dövran etdiyi bir zamanda bu, bizim ən böyük üstünlüyümüz və ən böyük dəyərimizdir", - deyə OANA-nın prezidenti bildirib.

OANA-nın fəaliyyətinin təkmilləşdirilməsi məsələlərinə diqqət çəkən Aslan Aslanov sədr olaraq AZƏRTAC-ın bu məqsədlə hazırladığı və ötən Tehran iclasında müzakirə olunan təkliflərin zərurətdən yarandığını bildirərək deyib: "Bu zərurətlər nədir? Bunlar OANA-nın Nizamnaməsinin daha da təkmilləşdirilməsi, artıq 7 yaşına qədəm qoyan, daha köhnə texnologiyalara əsaslanan veb-saytın yenilənməsi, qabaqcıl üzv agentliklərin təcrübəsindən yararlanmaq kimi təşəbbüslərdir. Ona görə də həm indi, həm də gələcəkdə bu istiqamətdə istənilən təşəbbüsləri ümumi maraqlar naminə dəstəkləməyə hazırıq".

Sonra baş katib Vüqar Seyidov İcraiyyə Komitəsinin işçi qrupu tərəfindən hazırlanan və təşkilatın Nizamnaməsinə daxil edilməsi üçün irəli sürülən təklifləri səsləndirib. Sənədə dəyişikliklər və əlavələr əsasən üzvlüyə qəbul qaydaları ilə bağlıdır. Təkliflər Komitə üzvləri tərəfindən razılıqla qəbul edilib və səsə qoyulması üçün bu ilin noyabrında Seulda keçiriləcək Baş Assambleyaya çıxarılmasına tövsiyə olunub.

İclasda Koreya Respublikasının Yonhap və Vyetnamın VNA agentliklərinin nümayəndələri feyk xəbərlərlə mübarizə, onların müəyyən edilməsi yolları ilə bağlı məruzələrlə çıxış ediblər.

Sonra OANA Mükəmməllik Mükafatı qalibinin müəyyən edilməsi üçün İcraiyyə Komitəsi üzvləri arasında keçirilən səsvermənin nəticələri açıqlanıb. Agentliklər müsabiqədə iştirak etmək üçün öz məhsullarını və layihələrini təqdim ediblər. Birinci yeri eyni sayda səs qazanan Sinxua və VNA agentlikləri tutub. İkinci yerdə TASS, üçüncü yerdə isə AZƏRTAC (Uşaq Bilik Portalı) qərarlaşıb.

Müsabiqədə ümumilikdə 12 agentlik öz layihəsi ilə iştirak edib.

Sonra Koreya Respublikasının Yonhap agentliyinin OANA-nın 17-ci Baş Assambleyasının Seulda keçirilməsi ilə bağlı görülən ilkin işlər barədə məlumatı təqdim edilib. Bolqarıstanın BTA agentliyinin rəsmisi isə bu ilin iyununda Sofiyada keçiriləcək Dünya Xəbər Agentlikləri Konqresinin təşkilati məsələlərindən danışıb.

İclasın bağlanış mərasimində çıxış edən Aslan Aslanov Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın sədri olaraq AZƏRTAC-ın BTA və Yonhap agentliklərinə təşkilati işlərdə kömək göstərdiyini və sədrlik başa çatanadək bu istiqamətdə səylərini əsirgəməyəcəyini vurğulayıb. İclasın işində fəal iştiraklarına görə o, İcraiyyə Komitəsinin üzvlərinə təşəkkürünü bildirib.

Bununla da OANA İcraiyyə Komitəsinin Hanoyda keçirilən 44-cü iclası başa çatıb.

Oxunub: 199



XƏBƏR LENTİ