Valyuta məzənnəsi

Macarıstandakı səfirimiz üsyan bayrağımı qaldırdı? – “Şeir vaxtı deyil, Afət”

Tarix:24-10-2019, 15:29

Macarıstandakı səfirimiz üsyan bayrağımı qaldırdı? – “Şeir vaxtı deyil, Afət”

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev sosial şəbəkələrdə yaşlı vəzifə sahibləri əleyhinə yazılanlara özünəməxsus tərzdə münasibət bildirib.

67 yaşlı səfir bildirib:

“Bir az da klassikanı oxuyun:

"Nə qədər olsa qoca gərçi Vidadi xəstə,

Yenə Vaqif kimi əlbəttə, yüz oğlana dəyər".

Tarixi qaynaqlara inansaq, təxminən 85-90 yaşlı Molla Vəli Vidadi 75-80 yaşlı "gənc dostu" Molla Pənah Vaqifdən daha güclü və enerjili olduğunu iddia edərək, məşhur deyişmədə belə demişdi!”.

Ovqat.com-un əlavəsi

Maraqlıdır ki, Prezident tərəfindən təyin olunan və onun xaricdəki sözçüsü rolunu oynayan səfirlər bu cür daxili məsələlərdə adətən ya öz tərəfsizliklərini qoruyur, ya da ölkə başçısının mövqeyindən çıxış edirlər. İstər diplomatik ədəb-ərkan, istərsə də səfirlərin vəzifə borcu bunu gərəkdirir. Çünki səfirlər hər hansı hökumət qurumunun təmsilçisi deyillər. Səfirliyinin digər əməkdaşlarından fərqli olaraq, onlar heç XİN qarşısında da hesabat vermirlər. Yeganə hesabat verəcəkləri ünvan prezidentdir. Nədən ki, prezident yeganə şəxsdir ki, bütün ölkə vətəndaşları tərəfindən seçilir və dövlətin rəhbəri sayılır. Dövlətin siyasi iradəsinin təmsilçisi də odur. Hökumətin digər üzvləri isə təyinatla öz vəzifələrini icra etdiklərindən dövlət iradəsi sayılmırlar.

Macarıstandakı Azərbaycan səfiri Vilayət Quliyev isə faktiki olaraq prezidentin 70 yaş senzinə qarşı çıxır, bir növ beyni kiflənmiş hökumət üzvlərini müdafiə edəcək fikirlər səsləndirir. Özü də yaş həddinə görə işdən çıxarılan həmin “qoca qurdlar” özlərini “quzu balası” kimi apardıqları bir vaxtda. Elədirsə, sual yaranır: Vilayət Quliyev bu sözlərlə nə demək istəyir? O da bir zamanlar Azərbaycan hakimiyyətinə üsyan bayrağı qaldırmış digər təkəm-seyrək səfirlərin yoluyla getmək eşqinəmi düşüb? Yoxsa, hörmətli səfirin bu sözləri sadəcə ədəbiyyatçılığından doğan emosional ifadələridir?

Dərd burasındadır ki, səfir vəzifəsini daşıyan şəxs ədəbi duyğularını ya tamamilə dəfn etməli, ya da içərisində gəzdirməyi bacarmalıdır. Bunu Vilayət Quliyevin də bilməməsi mümkün deyil. Hər halda bu adam, nə az nə çox, 1999-cu ildən 2004-cü ilə qədər düz 5 il Azərbaycan Xarici İşlər naziri vəzifəsini icra etmişdir. Deməli ölkəmizin baş diplomatı olmuşdur. Belə bir vəzifəni daşıyan birisinin ən elementar diplomatik ədəb-ərkanı bilməməsi mümkün deyil. //Ovqat.com//

Oxunub: 251



XƏBƏR LENTİ