Valyuta məzənnəsi

Ölkədə kimlər xaos yaratmaq istəyir? - "Mitinqə bıçaqla gəlin!"

Tarix:30-10-2019, 20:18

Ölkədə kimlər xaos yaratmaq istəyir? - "Mitinqə bıçaqla gəlin!"

"Hamı mitinqə! Əliboş gəlməyin, polislərə divan tutaq!", "Mitinqə gələndə polislərə həddini göstərək", "Molotov kokteylləri hazırlayın!", "Özünüzlə bıçaq, armatur götürün!"

Facebook-da bir neçə səhifədə belə çağırışların ardı-arası kəsilmir. Bunula yanaşı, radikal müxalifətin trolları da Facebook və YouTube-da ifrat dərəcədə aktivləşiblər.

Özünü "Demokratik Qüvvələrin Milli Şurası" təki alleqorik kəlmə toplusu ilə adlandıran, əslindəsə AXCP sədri Əli Kərimlinin truppası olan qurum noyabrın 2-nə mitinq təyin edib.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.

BŞİH-də müraciətə baxılıb və mitinqin noyabrın 2-də saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Milli Şura BŞİH-ə müraciətində noyabrın 2-də mitinq keçirilməsi üçün Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunu (keçmiş "Məhsul" stadionu) və ya Nəsimi rayonu, metronun "28 may" stansiyasının yaxınlığını istəmişdi.

Ölkədə kimlər xaos yaratmaq istəyir?

Həmin mitinqdə "necə davranmaq" barədə təlimatlar paylaşırlar.

Təlimatlar "Molotov" kokteylləri hazırlamaq, onları mitinqə aparmaq, habelə kəsici və dəlici vasitələrdən, xüsusilə də bıçaqlardan istifadə etməkdir.

O da vurğulanır ki, noyabrın 2-dəki aksiya zamanı "mümkün qədər çox polis yaralamaq, imkan olarsa, öldürmək gərəkdir".

"Təsadüf"ə bax ki, həmin Facebook səhifələrinin hamısında AXCP sədri və bloqer Əli Kərimli fanatikcəsinə dəstəklənir.

Səhifələrdə müşahidə olunan proses YouTube-da da təkrarlanır.

Belə ki, "müstəqilliyi" və "obyektivliyi" ilə ad çıxarmış Tural Sadıqlının "Azad Söz" YouTube kanalında həmişəki kimi, ekzaltasiyanın son həddinə yaxınlaşmış Əli Kərimli növbəti "inqilab ssenarisinin incəlikləri"ndən bəhs edəndə tərəfdarları, daha doğrusu, tərəfdarları arasındakı trollaşmış məxluqat açıq-aşkar cinaəyət xarakterli çağırışlar ediblər.

Canlı yayımda (live) olarkən Əli Kərimlinin trolları noyabrın 2-də keçirməyi nəzərdə tutduqları aksiyaya bıçaqla, armaturla, dəmir dəyənəklərlə gələcəklərini yazıblar. Onlar hər kəsin silahlanaraq aksiyaya qatılmalarını istəyiblər.

AXCP sədri və bloqer Əli Kərimli istisnasız olaraq bütün müsahibələrində, çıxışlarında, Facebook paylaşımlarında dinc siyasi mübarizədən, iqtidarla müxalifət arasında normal münasibətlərin olmasının vacibliyindən bəhs edir.

Fəqət, həmişə olduğu kimi, Ə.Kərimlinin sözləri və əməlləri, dedikləri və etdikləri arasında tam ziddiyyət var.

Həmin ziddiyyət 16 ildən bəri davam edir, sonu da görünmür.

Ölkədə kimlər xaos yaratmaq istəyir?

Keçiriləcəyi məkan qismində metropolitenin "28 May" stansiyasının qarşısındakı meydanı və alternativ qismində "Məhsul" stadionunu tələb edən, Bakı Şəhər İcra Hakimiyyəti icazə verməyəcəyi təqdirdə belə, aksiyanın keçiriləcəyini deyən Əli Kərimli heç hübhəsiz, anlayır ki, qanunsuz və icazəsiz aksiyalara çağırışlar edir, polislə toqquşmanın əsla istisna olunmadığı situasiyanın yaranmasına rəvac verir.

Hüquq-mühafizə orqanları belə çağırışları diqqətsiz qoymamalı, zəruri tədbirləri görməli, siyasi məqsədlərini reallaşdırmaq üçün ən qatı cinayətlərə belə, əl atmağa hazır olanlar müəyyənləşdirilməlidir.

Həmin trolların müstəqil davranış nümayiş etdirmələri də ağlabatan deyil. Çünki Əli Kərimlinin sosial şəbəkədə yaratdığı və idarə etdiyi trol şəbəkəsi alınan göstərişlər əsasında hərəkət edir, yazır, əsasən də söyüş və təhqir ritorikası nümayiş etdirirlər.

Belə aqressiv, ifrat radikal mövqeli insanların vətəndaş cəmiyyətinin darmadağın edilməsinə, xaosa yönəlik əməlləri ən sərt şəkildə qınanmalıdır.

AXCP sədri Əli Kərimli yeni aksiya arzusundadır.

Halbuki icazəsiz mitinqlər və ümumiyyətlə, aksiyalar cəmiyyətdəki ictimai-siyasi proseslərə çox pis, mənfi təsir edir. Belə aksiyalar və onlara çağırışlar cəmiyyətdə qarşıdurma meyllərini artırmaqla yanaşı, müxalifətin özünə böyük zərər vurur.

Bəhs olunan səbəblərdən aksiyalar təşkil etməyə və onları reallaşdırmağa çalışanlar gec, çətin olsa da, dərk etməlidirlər ki, qanunsuz mitinqlər polislə lüzumsuz qarşıdurmaya, cəmiyyətdə əsəblərin tarıma çəkilməsinə və gərginliyə səbəb olur.

Bundan başqa, qanunsuz aksiyanın qarşısını hüquq-mühafizə orqanlarını alacağı şübhəsizdir. Polislə qarşıdurma isə bütün hallarda aksiya iştirakçılarının saxlanması ilə nəticələnə bilər.

"Milli Şura"nın, daha doğrusu, AXCP sədri Əli Kərimlinin təşkil etdiyi aksiyaya xaricdən dəstək verilməsi, ümumiyyətlə, aksiyaya hazırlığını Azərbaycandan kənarda hazırlanmış ssenari olmasına gəldikdə isə, Avropa Birliyinin ölkəmizdəki səfiri Kestutis Yankauskasın bəyanatları, ABŞ səfirliyinin açıqlaması kimi yersiz "şərh"lər şübhələri artırır.

Ölkədə kimlər xaos yaratmaq istəyir?

Aksiyaya qatılacaq insanların əksəriyyətinin təbii ki, xaricdəki "beyin mərkəz"ləri ilə heç bir əlaqəsi yoxdur. Lakin təşkilatçıları idarə edənlərin ölkəmizdəki daxili vəziyyəti, sabitliyi sarsıtmağa, onu öz məhvərindən çıxartmağa meylli olmaları aydındır.

Türk Şurası Birliyinin və Qoşulmama Hərəkatının zirvə toplantılarının Bakıda keçirilməsi bu qüvvələri isterik duruma salıb. Dünya geosiyasətində bəlli nüfuza və proseslərə təsir imkanlarına sahib strukturlarda təmsil olunmuş ölkələrin dövlət və hökumət başçılarının Bakıya toplaşması, ümumiyyətlə, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdən rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına və Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün yararlanması həmin qüvvələri qıcıqlandırır.

Belə situasiyada Azərbaycanda olmayan "vətəndaş qarşıdurması" elementlərinin süni şəkildə nümayiş etdirilməsinə can atması bəhs etdiyimiz qüvvələrin ssenarisi ola bilməzmi? Əksinə kim təminat verə bilər ki...

Elçin Alıoğlu
aznews.az

Oxunub: 330



XƏBƏR LENTİ