QAT sədri: “Qalan xırda-para partiyalar özləri bilərlər”
İctimai və siyasi qurumların təmsilçilərindən ibarət Qarabağ Komitəsi sentyabrın 29-da saat 15:00-dan 17:00-a qədər “Qarabağa azadlıq!” şüarı ilə “İnşaatçılar” metro stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunda mitinq keçirməyi planlaşdırır.
Mitinqə şərait yaradılması üçün sentyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb. Hələ ki Bakı Şəhər İcra Hakimiyyətindən müraciətə cavab verilməyib. Bu barədə “Yeni Müsavat”a məlumat verən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, mitinq üçün müraciətə hələ də cavab verilməməsi onları dünən daha bir addım atmağa məcbur edib. Belə ki, sentyabrın 24-də günortaya yaxın onun özünün də daxil olduğu Mitinq Komitəsinin üzvləri Pənah Hüseyn, Əvəz Zeynallı, Tural Abbaslıdan ibarət nümayəndə heyəti məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə gediblər. BŞİH-in qəbul şöbəsinin müdiri ilə görüşüblər: “Görüşdə bildirdik ki, Qarabağ mitinqi ümummilli problemə həsr olunub, bu mitinqin keçirilməsi hər kəsin marağında olmalıdır. Ona görə də BŞİH-in rəhbəri Eldar Əzizovla görüşmək istəyirik. Müəyyən fasilədən sonra qurumun ictimai-siyasi şöbəsinin müdiri Zaur Ramazanov bizə telefonla bildirdi ki, görüşün olub-olmayacağı ilə bağlı əlavə məlumat veriləcək. Hələ ki başqa məlumat verilməyib”.
Akif Nağı onu da məlumat verdi ki, aparıcı partiya və təşkilatların, Qarabağ döyüşçülərinin böyük əksəriyyəti mitinqdə iştirak edəcəklərini bildiriblər: “Müsavat Partiyası, İslam Partiyası, KXCP, AXP, VHP, Milliyyətçi Demokrat Partiyası, ADP, Ümid Partiyası, AĞ Partiya və digərləri mitinq komitəsində təmsil olunublar. Milli Şuranın sədri Cəmil Həsənli mənə bildirib ki, mitinq ideyasını tam dəstəkləyirlər. Qalan xırda-para partiyalar özləri bilərlər. Gəlsələr yaxşı olar, gəlməsələr də faciə deyil. Keçən dəfə dediyim kimi, Qarabağ mitinqi siyasi qüvvələr üçün barometr rolunu oynayacaq.
Bu mitinqin məqsədi indiki beynəlxalq münasibətlərin həssas məqamında Qarabağ məsələsini gündəmə gətirməkdir. Beynəlxalq aləmə Qarabağ məsələsinin Azərbaycan cəmiyyəti üçün əsas problem olduğunu nümayiş etdirmək istəyirik. Eyni zamanda bu mitinq xalqımızın və onun milli vətənpərvər qüvvələrinin Qarabağı unutmadığını, torpaqlarını azad etmək üçün hər cür addıma, o cümlədən vətən müharibəsinə hazır olduğunu, bu problem ətrafında cəmiyyətimizin bütün təbəqələrinin birləşdiyini göstərmək məqsədi daşıyır. Məqsədimiz torpaqlarımızın azad edilməsinə öz töhfəmizi verməkdir. Əsas məqsədimiz Qarabağın əsas məsələ kimi gündəmə gətirilməsidir. Bu, siyasi aksiya deyil, mitinqdə siyasi şüarlar və tələblər də qoyulmayacaq".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”