Valyuta məzənnəsi

Nimdaş təfəkkürdən doğan “birlik” - Qoca doktor xəstə müxalifətə təbib olacaqmı?

Tarix:7-11-2019, 13:06

Nimdaş təfəkkürdən doğan “birlik” - Qoca doktor xəstə müxalifətə təbib olacaqmı?

Xalqın etimadını itirən və buna görə də ölkədə keçirilən bütün seçkiləri uduzan radikallar siyasi səhnədən silinib tarixin arxivinə atılmamaq üçün müxtəlif vasitələrə əl atırlar. Heç bir potensiala, gücə, elektorata sahib olmayan radikalların indiyə qədər bir çox təşkilatlar yaratması, birlik-bərabərlik görüntüsü yaratmaq istəməsi də məhz gündəmdə qalmağa xidmət edib. Bu məqsədlə zaman-zaman SİDSUH, Demkonqres, İctimai Palata, "Azadlıq” Bloku, Milli Şurada bir araya gələn radikallar az keçməmiş bir-birinin ünvanına ən kəskin ittihamlar, təhqirlər səsləndirərək yollarını ayırıblar. Dünən Əli Kərimli, Arif Hacılı, İsa Qəmbər, Pənah Hüseyn, Mehman Əliyev və Əli İnsanovun dəyirmi masa ətrafında bir araya gəlməsi də radikalların yenidən birləşmək arzusundan qaynaqlanan məsələdir, ənənəvi mənzərədir. Sadəcə, burada diqqəti çəkən vacib məqam sabiq səhiyyə naziri Ə.İnsanovun da radikalların sırasında yer almasıdır. Çünki, vaxtilə vəzifədə olanda Ə.İnsanov bu radikalların ünvanına ən sərt tənqidlər, hətta təhqirlər səsləndirib. Görünür hansısa maraq müqabilində İ.Qəmbər və onunla eyni cəbhəni bölüşənlər Ə.İnsanovun vaxtilə ünvanlarına səsləndirdiyi təhqirləri unudublar.

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, müxalifətin bir neçə nümayəndəsinin keçirdiyi dəyirmi masa sadəcə, gündəmə gəlmək cəhdidir: "Vaxtı keçmiş, müddəti bitmiş bir qrup insan yığılıb ora və Azərbaycanın gələcəyi haqqında hər hansı bir qərar qəbul etmək istəyir. Bu şəxslər indiyə qədər siyasətdə biabırçı şəkildə məğlub olublar və indi yenidən xoda düşüblər, guya bunları Azərbaycan maraqlandırır, Azərbaycanın problemi maraqlandırır? İstər İsa Qəmbərin, istər Əli Kərimlinin, istərsə də Arif Hacılının hakimiyyətdə olduqları zaman xalqın başına nə oyun açdıqları hamının yaxşı yadındadır. Dəyirmi masada Hikmət Hacızadə də var idi. Onu haradan tapıblar, o nə vaxtdan siyasətçi olub? Rusiyada səfir də işləyə bilmədi, yola saldılar gəldi. Bu cür insanlara Azərbaycanın taleyini etibar etmək olar? Bunlara bir orta məktəbin idarəsini belə tapşırmaq olmaz. Pənah Hüseynin özü vaxtilə hakimiyyətdə təmsil olunanda insanların başına oyunlar gətirirdi, Azərbaycanın dövlət büdcəsinə süpürgə çəkirdi. Bunlar hamısı xalqın yadından çıxmayıb. İndi gəlib humanizmdən, demokratiyadan danışırlar. Qısa müddət ərzində hakimiyyətdə olduqları zaman ən böyük anti-demokratik hərəkətləri bunlar etdilər. İsa Qəmbər Ali Sovetin sədri, Pənah Hüseyn baş nazir, Əli Kərimli də dövlət katibi idi. O zaman bu "demokratlar” Yeni Azərbaycan Partiyasının qurultayını Bakıda keçirməyə imkan vermədilər”.

S.Novruzov vurğulayıb ki, o vaxt Gəncə hadisələri zamanı İsa Qəmbər deyirdi ki, bomba töküb camaatı qırmaq lazımdır: "Gəncə kimi şəhəri bombalamaq istəyən adam indi guya xalqın qədrinə qalır. Əli İnsanov indi yanaşı oturduğu İsa Qəmbər haqqında vaxtilə demişdi ki, "İsa Qəmbər genetik xəstədir”. İndi görəsən o xəstədən ona hər hansı bir infeksiya keçəcək, yoxsa yox? İndi Əli İnsanov İsa Qəmbərin yanında oturub və dəqiqədə-bir ayağa qalxıb ona təşəkkürünü, minnətdarlığını bildirir, halbuki, vaxtilə İsa Qəmbərin yeddi arxa dönəmini təhqir edirdi. Vaxtilə Əli İnsanov insanları işdən qovurdu, onların işə bərpa olunması ilə bağlı məhkəmə qərarlarını cırıb atırdı ki, "mən qanundan üstünəm”. Əli İnsanov belə işləyirdi və korrupsiyaya qurşanmış adam idi. Məhz bu əməllərinə görə o, vəzifəsindən uzaqlaşdırıldı, həbs olundu. İndi bu adam nə millət dərdi çəkəcək? Və yaxud demokratiyadan danışanlar necə korrupsionerlə bir yerdə oturur? Ona görə ki, bunlar üçün dəyər yoxdur, bunlar üçün pul var, şəxsi maraqlar var. Xalq, millət onlar üçün arxa plandadır. O dəyirmi masada olanlar hərəsi bir qütbdə, ayrı-ayrı baxış bucağı altında olan adamlardır. Onların birgə fəaliyyəti qeyri-mümkündür. Yəni o dəyirmi masada oturan hər bir insan barədə kifayət qədər məlumat var. Bunların hər biri artıq tarixin qaranlıq bir arxivindədirlər. Ona görə də təzədən ortaya çıxıb nəsə etmək çox gecdir, qatar artıq gedib. Müxalifətin özündə islahat getməlidir. Ancaq bunlar islahat etmək istəyəndə də kimisə ya partiyadan uzalqaşdırırlar, ya ona qarşı ciddi təhqirlərə başlayırlar”.

S.Novruzov vurğulayıb ki, bu dəyirmi masa da sadəcə gündəmdə qalmaq cəhdidir: "Onlar insanların yadından çıxıb. Bilirsiniz ki, qarşıdan parlament seçkiləri gəlir. Bu baxımdan, bu dəyirmi masa özlərini yada salmaq üçün separat danışıqlardır. Bilirsiniz ki, AXCP ilə Müsavat arasında heç vaxt birgə seçki fəaliyyəti olmayıb. Bunlar arasında daim mübarizə olub. Bu gün də süni şəkildə orada bir yerdə olduqlarını göstərməyə çalışdıqlarına baxmayaraq, sabah mətbuatda bir-birilərinə necə ağır ittihamlar və sözlər demələrinin şahidi olacağıq”.

Media eksperti Müşfiq Ələsgərli hesab edir ki, noyabrın 5-də Arif Hacılının təşəbbüsü ilə partiyasının qərargahında siyasi partiya liderlərinin və siyasətçilərin iştirakı ilə dəyirmi masa keçirilməsi müxalifətin növbəti dəfə "birlik” nümayiş etdirmək cəhdidir. Onun qənaətincə, müxtəlif vaxtlarda belə formatları gündəmə gətirməklə müxalifətin birliyi görüntüsü yaratmaq cəhdləri yeni qalmaqal, qarşılıqlı ittihamlar və nəticə etibarilə daha dərin parçalanma ilə nəticələnib: "Bu dəfə başdan-ayağa korrupsiya və rüşvətxoşluq çamuruna bulaşmış keçmiş məhbus Əli İnsanovun "müxalifət birliyi"nə "pənah" gətirməsi cəmiyyətdə belə bir sual yaradır: Əli Kərimli Əli İnsanova beyət edəcəkmi? Digər diqqət çəkən məqam sözügedən toplantıdakı "yer davası”dır. Onların kimsəni ağsaqqal seçə bilməməsində bir haqq var. Çünki, bu masa ətrafında oturanların hər biri haqqında ən ağır, nalayiq ifadələri elə özləri səsləndiriblər. İndi kimə və hansı üzlə "beyət etsinlər”? Aralarında sözünü eşidəcəkləri, kritik anlarda ağsaqqal sayacaqları kimsə qalmayıb, özləri-özlərini hörmətsiz ediblər. Tədbir başlayan andan onların aralarında qeyri-səmimilik, perspektivsizlik özünü göstərib. Arif Hacılı bu tədbirdə "Dəyirmi Masa iştirakçılarının əlifba sırasına uyğun olaraq çıxış edəcəklərini” bildirib. "Əlifba sırası” ifadəsi təsadüfən ortaya çıxmayıb. Deyirlər ki, tədbirdən öncə ən ciddi müzakirələrdən biri "kimin harada, hansı stolda” oturacağı üzərində olub. Kimsənin başda oturması yönündə kompromisə gələ bilməyiblər və yekunda dairəvi stol ətrafına toplaşmağa qərar veriblər. Bu təfəkkürlə nə əldə edəcəklər və ya cəmiyyətə nə fayda verəcəklər?”.

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin (ADİİM) sədri Cavid Şahverdiyev də qəzetimizə açıqlamasında deyib ki, bir qrup müxalifət liderinin birlik yaratmaq ideyasını gerçəkləşdirməkdən ötrü toplanması, xüsusən də sabiq səhiyyə naziri Ə.İnsanovu aralarına qatması, əsl şoudur. Onun fikrincə, radikallar artıq özləri də bilmirlər ki, hansı istiqamətdə addımlayırlar: "Bu gün radikallar "insanlaş”maq istədiklərindən İnsanovu özlərinə dost sayıblar. Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Pənah Hüseyn və İnsanovu öz yanlarında görən başqaları da uzaq tarixi yaddan çıxarmayıblar. Əli İnsanov həbs edildikdən sonra evindən çıxan külçə qızıllar, milyonlarla dollarların efirdə göstərilməsindən xəbərsiz olmayıblar. Hansılar ki, elə o masa arxasında əyləşənlər Əli İnsanov həbs edilərkən onun ünvanına ağır, təhqiredici ittihamlar söyləmişdilər. Əli İnsanovun özü də hakimiyyətdə təmsil olanda radikallara qarşı nifrətini söyüşlə, təhqirlə ifadə etmişdi. İndi bir masa arxasında oturmaq birlik yaratmaq haqqında fikir mübadiləsi aparmaq nəyə hesablanıb?”.

QHT sədri bildirib ki, orada oturanlar arasında heç bir səmimilik və etibarlıqdan söhbət gedə bilməz: "Vaxtilə bir-birlərinə xəyanət edənlər, bir-birlərinə arxadan zərbələr endirənlər arasında hansı birlikdən söhbət gedə bilər? Bu gün bir az da Əli İnsanovdan pul qopartmaq məqsədi güdürlər. Dəyirmi masa ətrafında əyləşənlər yaxşı bilirlər ki, nə ayrı-ayrılıqda, nə də birlikdə bir güc olmayacaqlar. Onların birliyi şəxsi ambisiyalar üzərində qurulacaq. Bu birlikdə hər biri öz şəxsi mənafeyini güdəcək, kim daha çox qazanacaq prinsipi ilə hərəkət edəcəklər. İnsanovun kif atmış, Kərimli kimi radikalların nimdaşlaşmış təfəkkürlərindən heç bir birlik modeli çıxmayacaq”. //kaspi.az//

Oxunub: 274



XƏBƏR LENTİ