Valyuta məzənnəsi

Mərkəzi hakimiyyət bölgələrdəki məmurları yoxlamalıdır...

Tarix:26-12-2019, 13:09

Mərkəzi hakimiyyət bölgələrdəki məmurları yoxlamalıdır...



Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində mühüm tezislərə toxundu. Dövlət başçısı hər şeyi açıq-aydın və çılpaqlığı ilə açıqladı - ictimaiyyətə, məmur kontingentinə ismarışlar verdi, icra başçılarının həbsindən danışdı, o cümlədən erkən parlament seçkilərindən söz açdı, bir sıra məsələləri mətbuatdan öyrəndiyini vurğuladı.

İ.Əliyev yanvardan başladılan əsaslı dəyişikliklərin fəlsəfəsini açdı, yeni bir eranın təməlinin qoyulmasına mesajlar verdi.

Sitat: “Dövlət məmurları hər bir ölkədə ancaq yaxşı raport verməyi öyrəşiblər. Onlardan soruşsan deyərlər ki, hər şey əladır, hər şey mükəmməldir, heç bir problem yoxdur. Mən bir çox rayonlara gedəndə icra başçısı ilə söhbət edəndə deyirəm hansı problem var - hər şey əla. Axı belə ola bilməz. Ya özü bilmir, ya da ki, bunları ört-basdır etmək istəyir, ya da bilmirəm hansı məqsədi güdür”.

Prezident bölgələrdə abadlıq adı ilə sahibkarlardan vəsait yığıldığından xəbərdar olduğunu, bunun qətiyyən qəbuledilməz olduğunu da dedi. İ.Əliyev aparılan islahatlardan sonra yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşmasına ehtiyac olduğunu da açıqladı: “Bizdə parlament dörd ay tətildə olur, iyun, iyul, avqust, sentyabr aylarında işləmir. Belə olan halda biz, sadəcə olaraq, seçkiləri 4-5 ay qabağa çəkdik. Bunun da məqsədi odur ki, vaxt itirmək lazım deyil”.

O, yeni seçiləcək deputatlardan ictimai nəzarətin təmin edilməsini gözləyir. Prezidentin fikrincə, deputatlar seçildikləri dairədə aktiv olsalar, problemləri yerli və mərkəzi orqanlar qarşısında qaldırsalar, ictimai nəzarətin bir forması da bu ola bilər. Beləliklə, dövlət başçısı müxtəlif istiqamətlər üzrə verdiyi açıqlamalarla hansı Azərbaycanı, hansı sistemi arzuladığını nəzərə çatdırmış oldu.

Qabil Hüseynli: “Əhali ictimai fəallığa çağırılmalıdır, mərkəzi hakimiyyət bölgələrdəki məmurları yoxlamalıdır”

Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, prezident hədəfi düz tutub. Analitik hesab edir ki, əgər yerli icra orqanları doğru işləməsələr, kasıb əhalinin mənafeyinin əleyhinə fəaliyyəti davam etdirsələr, o zaman biz cəmiyyəti yeniləyə bilmərik: “Bakıda qəbul edilən və prezidentin qərarlarında öz əksini tapan göstərişlər bəzən icra hakimləri tərəfindən sabotaj edilirdi. O halda nəzərdə tutulan hədəflərə çatmırdıq. Görün, onlar nələrə göz dikirdilər - ictimai işlərə adamları cəlb edib bir tikə çörək qazanmağa şərait yaradılıb, o vəsaiti də mənimsəyirlər. Ona görə prezident çıxışında qeyd edirdi ki, xalqdan qorxmursansa, Allahdan qorx.

Eyni zamanda sahibkar bir obyekt tikməyə başlayanda başının üstünə alırdılar, qanunsuz haqq istəyirdilər. Bu baxımdan yerlərdən gələn şikayətlərə diqqət olunmalıdır, əhali ictimai fəallığa çağırılmalıdır, mərkəzi hakimiyyət bölgələrdəki məmurlar haqda ətraflı məlumat toplamalıdır, onların işi yoxlanmalıdır".

Ekspertin fikrincə, bütün bu işlər ardıcıl xarakter almalıdır və kampaniya mahiyyəti daşımalı deyil: “Təkcə Ağstafa və Yevlaxda deyil, digər regionlarda da belə hallar üzə çıxarıla bilər.

Hazırda yoxlamalar aparılır və ictimai nəzarət güclənməlidir, müraciət və ərizələr araşdırılmalıdır.

Yeri gəlmişkən, prezident bəzi məsələlərdən mətbuat vasitəsi ilə xəbər tutduğunu söylədi. Media da fəallıq göstərməlidir".

Prezidentin erkən seçkilər və yeni deputatların ictimai nəzarətin təmin olunmasında fəallığının zərurliyi haqda dediklərinə gəlincə, Q.Hüseynli vurğuladı ki, parlament üzvləri ilə seçicilər arasındakı əlaqə itməməlidir.

Onun sözlərinə görə, qəbuluna gələn seçicini yola verən deputatlar var: “Yeni deputatlar bilməlidirlər ki, seçicisi ilə əlaqə saxlamalıdır, ehtiyaclarını öyrənməlidir. Yerlərdə seçicilərin əzilməsinə, məmur özbaşınalığına imkan vermək olmaz.

Əgər sən seçicinin yanında olsan, növbəti seçkidə də səs alacaqsan. Lakin bunu unudanlar var. Odur ki, prezidentin müsahibəsində xəbərdarlığı pozitiv mənada təsirini göstərəcək".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirdi ki, prezident səbəbləri vurğulamaqla parlamentin indiki tərkibindən razı olmadığını qeyd etdi.

“Buna baxmayaraq, bir sıra passiv deputatların yenidən namizədliklərini irəli sürmələrinə dair xəbərlər çoxalır. Əslində bununla həmin keçmiş deputatlar prezidentin yanaşmasını qəbul etmədiklərini büruzə verirlər. Prezidentin müsahibəsində dediyi və sosial şəbəkələrdə ən çox müzakirə olunan cümlə isə budur: ”Qanunsuzluq edən məmurlar xalqdan qorxmurlar, heç olmazsa Allahdan qorxsunlar". Ümumiyyətlə, iki rayonun icra başçısının rüşvət və soyğunçuluq üstündə həbs olunmaları icra hakimiyyəti institutuna zərbə vurdu. Onsuz da əvvəl də bu instituta inam az idi. Yerlərdə seçkili orqanların, yəni bələdiyyələrin səlahiyyətlərinin artırılmasına ehtiyac var. Bu halda onların məsuliyyəti də fərqli olar"-deyə, o bildirib.

Politoloqun fikrincə, prezidentdən başqa heç bir rəsmi şəxs mövcud duruma bu qədər açıq qiymət verməmişdi: “Prezident ictimai nəzarətin hədsiz zəif olmasından da narazıdır. Prezident bu nəzarəti hətta ”ibtidai səviyyədə" qiymətləndirdi. Prezidentin sözlərindən o da aydın oldu ki, ona tərif yox, vəziyyəti əks etdirən hesabatlar və fikirlər lazımdır ki, problemlərin həlli mümkün olsun. Həqiqətən hədsiz tərif və monoloq inkişafa, problemlərin həllinə mane olan əsas amildir. Prezident yanında İctimai Palatanın yaradılması da zəruridir. Bu Palatanın sözünü deyə bilən və cəmiyyətin problemlərindən xəbərdar olan insanlardan formalaşması mümkündür. Məsələn, Rusiyada belə bir Palata fəaliyyət göstərir və Palata üzvləri mütəmadi toplantılarında Rusiya prezidenti qarşısında müxtəlif problemləri qaldırır, müzakirələr aparırlar.

Rusiya prezidenti yanında gənclərdən formalaşan Xalq Cəhbəsi adlanan hərəkat da fəaliyyət göstərir. Onlar da ictimai nəzarət funksiyasını həyata keçirirlər. Bu modeldən Azərbaycanda da istifadə etmək olar. Yerli icra hakimləri və məmurlar üzərlərində cəmiyyətin ciddi nəzarətini hiss etməlidirlər ki, qanunsuz əməllərdən çəkinsinlər".

Oxunub: 252



XƏBƏR LENTİ