Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan iyunun 15-də Şuşada “Xan qızı” bulağında olublar.
YeniAN.az Etikxeber.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidentinə “Xan qızı” bulağı haqqında məlumat verildi.
Bildirildi ki, Şuşa işğaldan azad olunandan qısa müddət sonra istifadəyə verilən “Xan qızı” bulağı şəhərin məşhur məkanlarından biridir. Xan qızı Xurşidbanu Natəvan təkcə şairə kimi deyil, xeyirxahlığı ilə də tanınırdı. Natəvanın vaxtilə şəhərə çəkdirdiyi su xətti “Xan qızı” bulağı adı ilə məşhur idi. Ermənistanın işğalı altında olduğu müddətdə suyu quruyan bulaq yenə də sakinlər və şəhərin qonaqlarının istifadəsindədir.
Diqqətə çatdırıldı ki, yaxın vaxtlarda bulağın ətrafı tamamilə abadlaşdırılacaq.
Sonda “Xan qızı” bulağının qarşısında xatirə şəkli çəkdirildi.
***
İyunun 15-də Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan musiqili kompozisiyaya baxıblar.
Musiqili kompozisiyada Azərbaycan Atçılıq Federasiyasının təqdim etdiyi Qarabağ atlarının möhtəşəm çıxışının müşayiəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının, Azərbaycan Dövlət Rəqs ansamblının, “Mirvari” rəqs ansamblının və Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin rəqsləri, “Natiq” ritm qrupunun ifaları təqdim olunub. Proqramda Azərbaycanın və Türkiyənin xalq və bəstəkar mahnıları səslənib.
Tədbir zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib. “Xarıbülbül” kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülü birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirir.
Şuşada təşkil olunan tədbirin qonaqlarına, həmçinin Heydər Əliyev Fondunun “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusu hədiyyə olunub.
Topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını və xalçaçılıq sənətini əks etdirən ayrı-ayrı nəşrlər daxildir.
***
İyunun 15-də Şuşada Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə görüşü olub.
YeniAN.az