Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər.
Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi.
Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular.
AZAL-ın prezidenti Cahangir Əsgərov dövlət başçılarına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb.
O da qeyd olundu ki, hazırda Zəngilan və Laçında beynəlxalq hava limanları tikilir və onların inşası ilə regionun nəqliyyat imkanları daha da genişləndiriləcək.
Daha sonra dövlət başçılarına Cocuq Mərcanlıda açılacaq Suvenir İstehsalı Müəssisəsinin fəaliyyəti barədə məlumat verildi. “Cocuq Mərcanlının İnkişafı” Fondu, “TÜİB” və “TİKA”nın maliyyə dəstəyi ilə yaradılacaq müəssisədə Cocuq Mərcanlı kəndinin 25 sakini işlə təmin olunacaq. Burada hədiyyəlik saxsı qablar, kiçik ölçülü xalçalar, əl işləri və digər məhsullar istehsal ediləcək. Müəssisənin tikintisinə dövlət də öz dəstəyini verib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin operatorluğu ilə şirkət təsis olunub, istehsal avadanlıqları alınıb və istehsalın təşkili üçün Türkiyədən mütəxəssislər cəlb edilib. Bundan əlavə, “TİKA”nın dəstəyi ilə 15 istixana yaradılıb. 15 ailənin çalışdığı istixanalarda lavanda və bibəriyyə bitkiləri, tərəvəz yetişdiriləcək.
Beləliklə, ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağının və oraya yenidən həyatın qayıtmasının bariz nümunəsidir. Bu hava limanının istifadəyə verilməsi bölgəyə səfər edənlərin rahatlığını təmin edəcək, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verəcək, nəinki Füzulinin, ümumilikdə bölgənin sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq.
Daha sonra dövlət başçıları söhbət etdilər.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Yaxından çəkin. Əziz qardaşım mənə bu gözəl saatları hədiyyə edib. “Xarıbülbül” təsviri də üstündə.
Prezident Rəcəb Tayyib Ərdoğan: Şuşaya gəlmişdik. Buradan Şuşa yaxındır. “Xarıbülbül” də Şuşanın simvoludur.
YeniAN.az