Valyuta məzənnəsi

Türkməneli Partiyasının sədri Riyaz Sarıkaya: “Kərkükdə Azərbaycanın Mədəniyyət Mərkəzi açılsa, İraq türkmənləri ərəb mədəniyyətinə yox, öz kökünə sahiblənər”

Tarix:7-11-2021, 16:45


Türkməneli Partiyasının sədri Riyaz Sarıkaya: “Kərkükdə Azərbaycanın Mədəniyyət Mərkəzi açılsa, İraq türkmənləri ərəb mədəniyyətinə yox, öz kökünə sahiblənər”


Türkiyədə sığınacaq alan İraq türkmənlərinin əksəriyyəti baxışlarında bütün dünya türklərinin zaman-zaman çəkdiyi iztirabı, nisgili, qəribliyi gəzdirir. Nə qədər çəkingən, küsgün, ögey görsənsələr də, içlərindən o qədər də əzm, cəsurluq və doğmalıq boylanır. Danışıqları kimi, davranışları da, adət-ənənələri də bizə oxşar olan, amma bizdən çox iraqda qalan türkmənlərin nədən hər zaman başları dərddədir? Onları İraqdan Türkiyəyə, İrana, Misirə, Almaniyaya, Kanadaya, Skandinaviya adalarına və dünyanın başqa ölkələrinə didərgin salan, dərbədər edən səbəb nədir?

İraq parlamentinin keçmiş millət vəkili, Türkməneli Partiyasının sədri Riyaz Sarıkaya İraq türkmənlərinin keçmişi, bu günü və yaşantıları haqqında YeniAN.az-a danışdı.

- Türk xalqları arasında İraq türkmənlərinin ləhcəsi Azərbaycan türklərinə ən yaxın olanıdır. Azərbaycanlı tarixçi alim Taryel Faziloğlu bunun səbəbini Kərkük türkmənlərinin Azərbaycan əsilli olması ilə izah edir. Türkcəmizin bu qədər oxşarlığını siz necə izah edərdiniz?

- Əlbəttə Azərbaycan türklərilə İraq türkmənlərinin ləhcə oxşarlığı, coğrafiya oxşarlığı, başqa mənəvi yaxınlığı var. Biz türkmənlər özümüzü türk dünyasının bir parçası hesab edirik. Qanuni və hüquqi olaraq İraq vətəndaşıyıq. Vətəndaş olduğumuza görə üzərimizə bəzi məsuliyyətlər də düşür. Ancaq İraq vətəndaşı olmağımız bizim türk dünyası ilə bağlantımızı kəsmir. İraq Konstitusiyasının 3-cü maddəsində deyilir ki, İraq etnik, məzhəb və dini müxtəliflikdən ibarət olan bir dövlətdir. Doğrudur, biz türkmənlər İraqa əsasən Abbasilər dönəmində gəlmişik. Amma gəlmələr olsa da, bu ərazilər bizim tarixi vətənimizdir. Türkmənlərin o ərazilərdə 3 min illik məskəni var, buna dair tarixi faktlar mövcuddur. Amma Səlcuqlardan öncə Təbriz üzərindən gələrək İraqda yerləşənlər də olub. Osmanlı dövləti qurulduqdan sonra Anadoludan gələn türklər də var. Kərkükdə yaşayan türkmənlərin danışığı, şivələri daha çox Azərbaycan türkcəsindədir. Təlafərdəki türkmən qardaşlarımız bir az Anadolunun güneyinə, məsələn, Urfaya yaxın şivə ilə danışırlar. Onu da deyim ki, İraq dövləti 100 il öncə, 1921-ci ildə qurulub. Amma 1932-ci ildə İraq müstəqilliyinə qovuşub. BMT-yə üzv olub. 1921-ci ildən əvvəl biz İstanbula bağlı idik. Türkiyənin bir parçasıydıq. Amma o zaman da şivəmiz dəyişmədi. Ona görə də biz türkmənlər özümüzü azərbaycanlı, türkmənstanlı, anadolulu qəbul edərik. Hamısı bizim üçün dəyərlidir. Amma danışığımız Azərbaycan dilinə daha yaxındır.

- Kərkük mədəni kimliyini qoruyub saxlaya bilibmi?

- Təbii ki. Kərkük mədəniyyəti daha çox Təbriz mədəniyyətinə bənzəyir. Biz məzhəbçi deyil, türkçüyük. Bizim türkmənlərin yarısı sünni, yarısı şiədir. Amma bizim öz mədəniyyətimizi, adət-ənənələrimizi qoruyub, günümüzə qədər gətirib çıxarmamız o qədər də asan olmadı. Çünki İraqda Səddam Hüseynin zamanında qatı irqçi bir iqtidar vardı. Səddam Hüseyn 1978-ci ildə hakimiyyətə gəldi və o gələr-gəlməz siyasi təzyiqlər daha da artmağa başladı. Türkməncəni çox yerdə qadağan etmişdilər. Məktəblərdə də vəziyyət belə idi. Biz “mən türkəm” deyə bilməzdik. Vəzifə də verilməzdi. Torpağını da sadəcə bir ərəbə sata bilərdin. Odur ki, zamanla çox insanlarımız qaçaraq xaricə getdi.

- Səhv etmirəmsə, Siz də uzun zaman Ankarada yaşamısız.

- Bəli, mən 1975-ci ildə təhsil almaq üçün Türkiyəyə gəldim. Trabzon Qaradəniz Texniki Universitetində təhsil aldım. 1981-ci ildə məzun oldum. O illərdə İran-İraq müharibəsi vardı. Biz də siyasi fəaliyyətə başlamalı olduq. Öncə Türkiyədə dərnəklər qurduq. 1991-ci ildə Körfəz savaşı başladı. Biz də siyasi partiya yaratdıq və İraqa gedərək fəaliyyətimiz orada davam etdirdik. Türkmənlərin yaratdığı 9 partiya var. Türkməneli ilk yaradılan partiyadır, 1994-cü ildə mənim rəhbərliyimlə yaradıldı. Amma Səddam devrildikdən sonra partiyaların fəaliyyəti qadağan edildi.

- Kərkük türkmənləri sanki daha çox zülmə məruz qalıb, nə səbəbdən?

- Kərkük neftlə zəngin olan tarixi şəhərdir. İraqın bütünlükdə büdcəsi 40 il sadəcə Kərkük nefti ilə idarə olunub. Neft Kərkükdə 1920-ci ildən çıxır. Sonradan Bəsrədə kəşf edilib. Vaxtilə təkcə Kərkükdə 3 milyon türkmən yaşayıb, sonradan o ərazilərdə ərəbləşdirmə siyasəti yürüdülməyə başlandı. Daha çox da Səddam Hüseynin zamanında. Türkmən bölgələri çox dağıdıldı, kəndlərimiz yerlə bir edildi. Ona görə də İraqda türkmən coğrafiyası böyük ölçüdə zərər gördü, xüsusilə də Kərkük. İnsanlarımızın son 7 ildə yarıdan çoxu köç etmək məcburiyyətində qaldı. İraqın başqa şəhərlərinə, Bağdada, Kərbəlaya getdilər. Ərəb və kürdlər isə bizim tarixi dədə-baba torpaqlarımıza köç etdilər. Bu da türkmən kimliyini zəif hala gətirdi. Türkiyəyə gələn də çox oldu. Problem ondadır ki, biz öz ata-baba torpaqlarımızdan uzaqlaşdıqca ərəbləşirik. Didərgin düşən türkmənin özü də olmasa övladı ərəbləşir. Bunu ən böyük faciəmiz hesab edirəm. Məsələn, bir Azərbaycan türkü Moskvada neçə il yaşasa da, kimliyini qoruya bilir. Bizdə isə vəziyyət təəssüf ki, fərqlidir. Həm də türkmən kimliyini itirməyə insanlarımız məcbur edilir. Hətta Amerikaya belə meydan oxuyan Səddam dönəmində vəziyyət o qədər gərgin idi ki, onun xəta-bəlasından uzaq olmaq üçün bəzi türkmənlər həyatda qalmaq üçün öz kimliklərini danıb, özlərinin ərəb kökənli olduqlarını deyirdilər.

- Siz millət vəkili olduğunuz dönəmdə İraq türkmənlərinin hüquqları ilə bağlı qanun qəbul edildimi?

- Mən deputat olduğum dövrdə türkmənlər haqqında İraq konstitusiyasını yazan komissiyanın üzvü idim. Həmin konstitusiyada türkmənlərlə bağlı çox yaxşı maddələr əks olunub. İraq Konstitusiyasına görə, türkmənlərin siyasi, mədəni, idari, təhsil, dil haqları var. Biz İraqda ibtidai məktəbdən ali məktəbə qədər açmaq hüququna sahibik. Amma dövlət özü zəifdir deyə, qanunlar icrasında problemlər yaşanır.

- Hazırda vəziyyət necədir?

- Bizim həmin o 5 maddəni icra etmək imkanımız yoxdur. Çünki hazırda İraqda çox qarışıqlıq anarxiya, özbaşınalıq var. Siyasi şəbəkələşmələr çoxdur. Hazırda bu ölkədə yaşamaq təkcə türkmənlər üçün deyil, ərəb və kürdlər üçün də çətindir. Doğrudur, indi terror hadisləri nisbətən azalıb. Türkmənlərin çox yaşadığı Təlafər az qala məhv edildi. Evlər dağıdıldı, insanlar köç etdi. Hazırda İŞİD-i bölgədə zərəsizləşdirə bildik, amma əhalini hamısı geri dönmədi, yalnız 30 faizi qayıda bildi.

- Bu məsələdə yəqin ki, Türkiyənin də az xidməti olmadı.

- Bəli, Türkiyənin də xidməti var. Amma problem böyükdür. İraqda İŞID sadəcə türkmən bölgələrini deyil, ərəblərin yaşadığı yerləri də yıxıb, dağıdıb. Bütün bunların hamısı bərpa olunmalıdır.

- Azərbaycanla hər hansı bir əlaqəniz varmı?

- 4 il əvvəl Azərbaycana səfər etmişdim, millət vəkiliniz Qüdrət Həsənquliyevlə görüşdüm. Təklif etdim ki, Azərbaycan Kərkükdə bir Mədəniyyət Mərkəzi açsın. Bakıda da ortaq fəaliyyət göstərəcək Türkmən-Azərbaycan Dostluq dərnəyi açaq. Azərbaycan Kərkükdə İncəsənət məktəbi açarsa, biz bundan çox yararlanarıq. Bağdadda İncəsənət məktəbi var, amma o ərəb mədəniyyəti üzərində qurulub. Zatən biz eyni kökdənik, niyə Azərbaycan mədəniyyətinə yox, ərəb mədəniyyətinə sahiblənək? Onsuz da mədəniyyət məsələsində Azərbaycandan geridəyik. Ona görə də Azərbaycan mədəniyyəti İraq türkmənlərinə daha cazibadardır və daha asan mənimsənər. Qəzənfər Paşayevdən Allah razı olsun. Əlaqələrimizin artmasında onun az xidməti olmayıb. Amma biz çox istərdik ki, mənəvi yaxınlığımızın daha da inkişafı üçün Azərbaycan Bağdadda çox aktiv olsun, Türkmən bölgələrini ziyarət etsin. Kərbəlaya da çox azərbaycanlılar gəlir. Orada da bir yer aça bilərik, yəni onlarla əlaqə qurmaq üçün. Məsələn, azərbaycanlı qardaşımız Kərbalaya ziyarətə gəlir, 15 gün orda qalır. Adam bəlkə ərəb dili bilmədiyi üçün çətinlik də çəkir. Bundan başqa biz Türk dünyası ilə İraq arasında körpü ola bilərik. Məsələn, Azərbaycana göndərilən İraq səfirləri əsasən türkmən olur. Yəni dövlət türkmənlərdən faydalana bilir. Sözün açığı, Azərbaycanın İraqdakı səfirinin nədənsə Türkmən xalqı ilə yaxın bağlantısı yoxdur. Türkmənlərlə əlaqələrdə çox da aktiv deyil. Bir dəfə telefonla danışdıq, Qarabağ zəfəri zamanı təbrik etdik onu.

- Yeri gəlmişkən, Qarabağ zəfərini necə qarşıladınız?

- Çox sevinclə. Təlafər millət vəkilimiz, general Seyid Muxtar Musəvi İŞİD-ə qarşı Mosulda, Təlafərdə mübarizə aparan milis güclərinin rəhbəri olub. O, İkinci Qarabağ savaşı başlandığı ilk günlərdən Azərbaycan səfiri ilə görüşdü. Dedi ki, Mosulu İŞID-dən xilas etdik, Qarabağa da gedib savaşmağa hazıram. Biz 4 il öncə də Azərbaycanın haqq səsi üçün 800 nəfərlik yürüş keçirdik. Azərbaycan bayrağını Bağdadda daşıdıq.

- İraq Zirvəsi oldu. Sizcə, vəziyyətə bu necə təsir edəcək?

- Zirvə keçirilməsi siyasi baxımdan İraqa bir şeylər qazandırsa da, amma terroru dayandıracağını sanmıram. Biz türkmənlər deyirik ki, İran da, Türkiyə də bizə bir az dəstək versin. Bizə görə İraq, İran, Türkiyə yaxşı münasibətlər qurarsa, bu bizə də rahatlıq gətirir. Bizim istəyimiz odur ki, İraqda durumlar normallaşsın və köç edən türkmənlər geri dönsün. İraqda vətəndaşlıq istəyirik. Dediyim kimi, konstitusiyada gözəl maddələr var türkmənlərlə bağlı, amma icra edilmir. İndi İraqda şərtlər də ağırdır.

- İraq türkmənləri üçün daha önəmlisi nədən başlamaq olur?

- Türkmən siyasi hərəkətini nizamlamaq lazımdır. Mən parlamentdə türkmənləri təmsil edərkən türkmən millət vəkillərimizin sayı 15 idi, ancaq indi azaldı, 10 oldu. İndi bir xaos yaşayırıq. Bir də dediyim kimi, təhsil və mədəni fəaliyyətlərin artırılmasına ehtiyacımız var. Doğrudur, istədiyimiz qədər türkməncə məktəb aça bilərik. İndi buna qadağa yoxdur. Səddam zamanında isə heç iki türkmən müəllim türkməncə danışa da bilməzdi. Türkmən məktəbləri cəmi 15 ildir açılıb. Amma savadlı müəlim kadrlar yetişdirməliyik. Türkiyədə də son illərdə gənclərimiz təhsil alırlar. İki televiziyamız – “Türkməneli” və İraq dövlətinin türkcə televiziyamız var. Dağılmış kəndləri, ərazilərimizi bərpa etməliyik. Bir də Türk dünyası ilə əlaqələrimizi və əməkdaşlığımızı genişləndirmək arzusunda və məqsədindəyik.

İlahə DAĞ

Türkməneli Partiyasının sədri Riyaz Sarıkaya: “Kərkükdə Azərbaycanın Mədəniyyət Mərkəzi açılsa, İraq türkmənləri ərəb mədəniyyətinə yox, öz kökünə sahiblənər”
Türkməneli Partiyasının sədri Riyaz Sarıkaya: “Kərkükdə Azərbaycanın Mədəniyyət Mərkəzi açılsa, İraq türkmənləri ərəb mədəniyyətinə yox, öz kökünə sahiblənər”

YeniAN.az
Oxunub: 366



XƏBƏR LENTİ