Martın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Silahlı Qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü cənab Ceyms Hippinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən YeniAN.az-a verilən məlumata görə, qonaqları salamlayan müdafiə naziri ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu qeyd edib.
General-polkovnik Z.Həsənov Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə görülən işlər, eyni zamanda, Qarabağ iqtisadi zonasında və Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətlə bağlı ətraflı məlumat verib.
Həmçinin nazir Birləşmiş Krallığın BMT-nin İnkişaf Proqramı çərçivəsində Azərbaycanda ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənərək zərərsizləşdirilməsi məqsədilə göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib.
Cənab Ceyms Hippi öz növbəsində ölkələrimiz arasında qarşılıqlı səfər və görüşlərin ikitərəfli əlaqələrin genişlənməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Sonda hərbi sahədə əməkdaşlığın perspektivləri və digər mövzular ilə bağlı fikir mübadiləsi aparılıb.
YeniAN.az