Valyuta məzənnəsi

Ceyhun Bayramov Böyük Britaniya Silahlı Qüvvələr üzrə Dövlət naziri Ceyms Hippi ilə görüşüb

Tarix:30-03-2022, 23:36

Ceyhun Bayramov Böyük Britaniya Silahlı Qüvvələr üzrə Dövlət naziri Ceyms Hippi ilə görüşüb

30 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə üzrə dövlət katibinin müavini – Silahlı Qüvvələr üzrə Dövlət naziri Ceyms Hippi ilə görüşüb.

Görüşdə Böyük Britaniya ilə Azərbaycan arasında həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə edilib və iki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, investisiya, enerji, işğaldan azad edilmiş ərazilərimizin bərpası üzrə əməkdaşlıq məsələləri, o cümlədən alternativ enerji mənbələri və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

İki ölkə arasında iqtisadi sahədə əldə etdiyimiz nailiyyətlərin məmnunluq doğurduğu qeyd edilib və Birləşmiş Krallığın Azərbaycanda ən böyük birbaşa xarici sərmayədar olduğu vurğulanıb.

Azərbaycan ilə Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin bu il qeyd olunduğunu qeyd edən nazir Ceyhun Bayramov, Azərbaycanın Böyük Britaniya ilə əlaqələrə önəm verdiyini, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.

Söhbət zamanı regional təhlükəsizlik məsələləri də müzakirə olunub.

Nazir Ceyhun Bayramov post münaqişə mərhələsində azad edilmiş ərazilərdə mövcud olan vəziyyətdən danışaraq, 44 günlük Vətən müharibəsi nəticəsində imzalanmış birgə bəyanatların icrası ilə bağlı məsələlər, azad olunmuş ərazilərdə üzləşdiyimiz mina təhdidi və bu təhlükə ilə aparılan mübarizə barədə qarşı tərəfə ətraflı məlumat verib. O, hazırkı mərhələdə işğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanı, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma prosesindən danışıb. Nazir, Böyük Britaniya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə verdiyi töhfəni, eləcə də bu ərazilərin yenidənqurulması və bərpası işlərində iştirakının ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Ceyms Hippi Azərbaycana ilk səfəri çərçivəsində Azərbaycan Prezidenti ilə keçirilən görüşü məmnunluqla vurğulayıb. O, iki ölkə arasında əməkdaşlığın uğurla davam etdiyini bildirib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyi qeyd olunub.

Görüşdə tərəflər Ukraynadakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

YeniAN.az

Oxunub: 139



XƏBƏR LENTİ