Bu gün Azərbaycan və Ermənistan arasında sülh üçün şans var.
YeniAN.az xəbər verir ki, bunu Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
O, Azərbaycanın Sovet İttifaqının süqutundan sonra ağır dönəm keçirdiyini xatırladıb.
"Azərbaycan müharibədə çoxsaylı qurbanlar verib, nə qədər insan öz yurdlarından qaçqın və məcburi köçkün olub. Biz sizin əzablarınıza laqeyd deyilik. Biz minalardan təmizləməyə dəstək veririk, bu məsələnin həlli insanların həyatını xilas etmək deməkdir. Azərbaycana minalardan təmizləmə ilə bağlı yardım etmişik. İtkin düşənlərlə bağlı demək istəyirəm ki, onların ailələri əzab çəkib. Minaların qurbanları olub”, - Kolonna deyib.
O, Azərbaycanın sülh təşəbbüsü ilə çıxış etdiyini xatırladıb və əlavə edib ki, Fransa bunu alqışlayıb:
"Biz beynəlxalq ictimaiyyətə çağırış etmişik ki, toqquşmalar olmasın. Münaqişə dinc yolla həll olmalıdır və bu davamlı sabit sülhə aparan yoldur. Bu xalqların bu gün sülh üçün şansı var. Toqquşmaların qarşısının alınması vacibdir. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün təşəbbüs göstərdi və Fransa bunu alqışladı. Bu eyni zamanda, çətin yoldur, sülhə gedən yol səbr, təmkin və birgə iş və planlar tələb edir. Praqa görüşündə razılaşma oldu, təmaslar oldu və bu vacib idi. Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımalıdır və hər şeyin əsasında bu dayanır. Biz geri qayıtmamalı, irəliləməliyik. Bu çətin yolla irəliləmək lazımdır ki, sülh sazişi imzalansın. Fransa vasitəçilik səylərini alqışlayır və Fransa bunu təşviq edəcək. Sülhə doğru irəliləmə o deməkdir ki, gücdən istifadə olunmasın. Biz istəyirik ki, danışıqlar mahiyyətcə məhsuldar olsun. Biz Azərbaycan tərəfdən birtərəfli qaydada qurulan keçid məntəqəsini pisləyirik, bunu bəyan etmişik. Həmçinin, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı yerinə yetirilməlidir. Bütün bu addımlar etimad yaradacaq”, - o deyib.