Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycana qarşı saxta təbliğatdan, böhtan və manipulyasiyadan çəkinməyə çağırıb.
Bu barədə icmadan məlumat verilib.
İcma N.Paşinyanın avqustun 11-də səsləndirdiyi fikirlərlə bağlı bildirib ki, regionda sülhə mane olan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı həyata keçirmiş Ermənistandır:
"Təəssüf ki, "demokrat” Nikol Paşinyan sələflərinin bu siyasətini davam etdirmiş və Azərbaycanın işğal edilmiş ərazilərində səsləndirdiyi "Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə danışıqlar prosesini tamamilə məhv etmişdir. Nikol Paşinyana həm də xatırladırıq ki, onun Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin etdiyi, sonradan Vətən müharibəsi zamanı Azərbaycana qarşı döyüşməyə gəlmiş, az sonra biabırcasına Qarabağdan qaçmış şəxs "Azərbaycana bir qarış da torpaq qaytarmayacağıq” kimi bəyanat vermiş, özünü "dahi strateq” hesab edən keçmiş müdafiə naziri isə daha da "irəli gedərək” Azərbaycanı "yeni ərazilər naminə yeni müharibə” ilə hədələmişdir. 30 il ərzində dünyanın ən ali qurumu olan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan, əksinə işğalla qürrələnən Ermənistanın indi qaranlıq keçmişi olan Luis Okampo adlı birisinin heç bir əsası olmayan kağız parçasına ümid bəsləməsi rəsmi İrəvanın düşdüyü acınacaqlı vəziyyətin bariz nümunəsidir. Ermənistanın baş nazirini "soyqırımı” mövzusunda Azərbaycana qarşı saxta təbliğatdan, böhtan və manipulyasiyadan çəkinməyə çağırırıq”.
Qərbi Azərbaycan İcması hesab edir ki, əgər Ermənistanın baş naziri həqiqətən də sülhdə maraqlıdırsa, onda ilk növbədə "beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi dialoqu” kimi utopik və təxribatçı fikirlərə son qoymalıdır.
İcma bunu Ermənistanın Azərbaycana qarşı ərazi iddiasını indi başqa ad altında davam etdirməsi kimi qəbul edir.
İcma hesab edir ki, "beynəlxalq mexanizm” nağılı həm də, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü şərtlə tanıması deməkdir:
"Bir tərəfdən Azərbaycanı "beynəlxalq mexanizm çərçivəsində Qarabağın erməni sakinləri ilə dialoqa” çağırıb, digər tərəfdən Qərbi Azərbaycan İcmasının dialoq təklifinə cavab verməyən, hətta azərbaycanlıların qayıdış hüququnu inkar edən Ermənistanın baş nazirinə xatırladırıq ki, onun rəhbər tutduğu "Əhali yoxdursa, problem də yoxdur” yanaşması tamamilə qəbuledilməz və təhlükəli yanaşmadır. Qərbi Azərbaycan İcması Nikol Paşinyanı Azərbaycanın daxili işlərinə qarışmamağa, müxtəlif süni bəhanələrlə sülh danışıqları prosesini uzatmamağa və Qərbi azərbaycanlıların qayıdışı məsələsini müzakirə etmək üçün bizimlə dialoqa başlamağa çağırır”.