Valyuta məzənnəsi

Zeynal Nağdəliyev: Yarmarkalarda satışa çıxarılan məhsullar bazar qiymətlərindən 30-40 faiz ucuzdur

Tarix:2-03-2019, 15:06

Zeynal Nağdəliyev: Yarmarkalarda satışa çıxarılan məhsullar bazar qiymətlərindən 30-40 faiz ucuzdur
Novruz bayramı ilə əlaqədar keçirilən yarmarkalarda satışa çıxarılan məhsullar bazar qiymətlərindən 30-40 faiz ucuzdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev martın 2-də paytaxtın Hüseyn Cavid prospektində təşkil olunmuş yarmarkada jurnalistlərə açıqlamasında deyib.

Prezidentin köməkçisi deyib ki, dövlətimizin başçısı İlham Əliyevin birbaşa tapşırığı əsasında paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları keçiriləcək. Yarmarkalarda satışa çıxarılan əksər məhsullar topdansatış qiymətindən 20 faiz, bazar qiymətlərindən isə 30-40 faiz ucuzdur. Həmçinin yarmarkalarda satışa çıxarılan bəzi məhsulların qiyməti bazar dəyərindən 2 dəfədən çox aşağıdır.

Zeynal Nağdəliyev qeyd edib ki, yarmarkalarda çeşidlər daha da genişləndirilməli və keyfiyyət məsələsi də diqqətdə saxlanılmalıdır. Təşkil edilən bu yarmarka əhalinin bayram əhval-ruhiyyəsinə müsbət təsirini göstərəcək. Bu, dövlətimizin başçısının xalqımızın rifahı üçün atdığı növbəti addımdır.
Oxunub: 275



XƏBƏR LENTİ