Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndə heyəti BMT-nin Cenevrədə keçirilən İnsan Haqları üzrə 40-cı sessiyasına və sessiya çərçivəsində keçirilən tədbirlərə qatılıb.
AZƏRTAC xəbər verir ki, BAMF-ın prezidenti Umud Mirzəyev, vitse-prezident Ramil Əzizov və BAMF prezidentinin köməkçisi, beynəlxalq məsələlər üzrə analitik Anastasiya Lavrina BMT-nin 40-cı sessiyası çərçivəsində keçirilən dinləmələrdə iştirak edib. Nümayəndə heyəti səfər çərçivəsində BMT İnsan Haqları Komissarının vətəndaş cəmiyyəti qurumları ilə illik toplantısında iştirak edəcək, Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutun keçirəcəyi “Ərəb regionunda insan haqları”, eləcə də “Dayanıqlı ətraf mühit üzrə insan haqları” və “Müharibələrin uşaqlara təsiri” mövzusunda keçiriləcək paralel sessiyalar zamanı aparılacaq müzakirələrə qoşulacaq.
Qeyd edək ki, martın 7-də BMT-nin İnsan Haqqları üzrə 40-cı sessiyası çərçivəsində BAMF-ın Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutla birgə BMT-nin Cenevrə ofisində “Sülh və Təhlükəsizlik üçün Su” mövzusunda tədbiri keçiriləcək.
Oxunub: 319