Ölkə ərazisində martın 20-nə - Novruz bayramının ilk gününə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimal edilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-7°, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacağı bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 20-də Abşeron yarımadasında yağışlı, mülayim küləkli hava şəraiti gözlənilsə də, ümid edirik ki, bu, əhalinin bayram əhval-ruhiyyəsində narahatlıq yaratmayacaq.
Oxunub: 273