Bəzi ölkələrdə smartfonlar vətəndaşlara xatırladır ki, dispanserizasiyadan keçməyin və ya uşağı peyvənd etdirməyin vaxtıdır. Həkimlər vaxtında diaqnoz qoymaq və ya tibbi materiallar ehtiyatını artırmaq üçün yeni texnologiyalardan istifadə edirlər. Lakin rəqəmsal təbabətin bütün üstünlüklərinə baxmayaraq, onunla bağlı yeni problemlər də yaranır.
AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla bildirir ki, Dünya Səhiyyə Təşkilatı (DST) ilk dəfə olaraq, səhiyyə xidmətlərinin hər kəs üçün əlçatan olmasına kömək edə biləcək tövsiyələr hazırlayıb.
Bu halda təbabətin əsas prinsipi olan “ziyan vurmamalı” tələbinə ciddi riayət edilməlidir. Məsələn, ümumi məlumat bazalarının çoxları üçün əlçatan olması insanların şəxsi həyatına müdaxilə edilməsinə imkan yaradır. Hökumətlər pasiyentləri inandırmalıdırlar ki, reproduktiv sağlamlıq kimi incə məsələlər barədə məlumatlar etibarlı şəkildə qorunur.
DST-də yeni texnologiyalardan təbabətdə istifadə etmək imkanları çoxdan öyrənilir, lakin bu cür tövsiyələr ilk dəfə dərc edilib. Hələlik bu məsələnin bütün aspektləri araşdırılmayıb, ona görə də tövsiyələrin təkmilləşdirilməsi işi davam edir.
2019-cu ilin mart ayında DST-nin baş direktoru bu qurumun tərkibində rəqəmsal təbabət departamenti yaradıldığını elan edib. Yeni struktur bölməsinin vəzifəsi səhiyyə sistemində yeni texnologiyaların tətbiqi məsələsində ölkələri dəstəkləməkdir.
Dünya Səhiyyə Assambleyası 2018-ci ildə tibbi xidmətlərin əlçatan olmasının təmin edilməsinə yönəlmiş qlobal strategiya hazırlanması barədə qətnamə qəbul edib. Hökumətlər tərəfindən yekdilliklə bəyənilmiş bu strategiya 2020-ci ildə Assambleyanın sessiyasında təqdim ediləcək.