Fəaliyyətə başladığı dövrdən bu günə qədər Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 405 qərar və 111 qərardad qəbul olunub.
Trend-in məlumatına görə, bunu Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.
Onun sözlərinə görə, bu qərarlar və onlarda formalaşdırılmış hüquqi mövqelər Konstitusiyanın aliliyinin təmin olunmasına, Əsas Qanunda təsbit edilmiş insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir.Ölkə Konstitusiyası müstəqil dövlətimizin inkişafının əsas istiqamətlərini və prinsiplərini özündə ehtiva edən hüquqi sənəd kimi dövlət idarəetmə mexanizminin təməlinə çevrilərək Azərbaycan xalqının rifahına xidmət göstərir.
F.Abdullayev bildirib ki, bu gün məhkəmə sistemi vətəndaş cəmiyyətinin və beləliklə də, hüquqi dövlətin inkişafında özünəməxsus və əvəzedilməz rol oynayır. Məhkəmələrin üzərinə düşən vəzifələrin qanunvericiliklə müəyyən edilmiş qaydada effektiv şəkildə həyata keçirilməsi son nəticədə dövlətin adından qəbul edilən məhkəmə aktlarına cəmiyyətin etimadının gücləndirilməsi üçün xüsusi zəmin yaradır. Həyata keçirilən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlmiş islahatlar inzibati və iqtisadi sahələrdə ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılmasını labüd edir.