Valyuta məzənnəsi

Milli Məclisdə “Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda dəyirmi masa keçirilib

Tarix:15-02-2019, 16:04

Milli Məclisdə “Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda dəyirmi masa keçirilibFevralın 15-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Aqiyə Naxçıvanlı tədbiri açaraq mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, bu tədbir cəmiyyəti narahat edən problemlər və onların həlli yollarının araşdırılmasına həsr edilib. Cəmiyyətin inkişafı, ilk növbədə, ailənin sabitliyindən, rifahından, ailə münasibətlərinin yüksək əxlaqi və mənəvi dəyərlər əsasında təşkilindən çox asılıdır. Ona görə də cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır.

“Xalqımız hər zaman ailə dəyərlərini hər şeydən uca tutub və bu, bizim milli adət-ənənəmizə çevrilib. Biz bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək zənginləşdirir, gənc nəslin sağlam ruhda tərbiyə olunmasına çalışırıq. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən ulu öndər Heydər Əliyev bu dəyərlərin qorunmasının vacibliyini daim vurğulayırdı”, - deyə A.Naxçıvanlı bildirib.

Qeyd edilib ki, Konstitusiyamızda, qanunlarımızda ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları ilə bağlı xüsusi maddələr əks olunub. Eləcə də 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit edilib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının aradan qaldırılması haqqında Azərbaycan Respublikasının qanunları qəbul edilib. Məişət zorakılığının aradan qaldırılması haqqında Qanunu icra etmək üçün müvafiq qanunvericilik aktlarına əlavələr edilib, yeni normativ hüquqi aktlar qəbul olunub.

“Dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəmiz qadın hüquqlarının qorunması üzrə, demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulub. Ailə institutunun möhkəmlənməsi, gender bərabərliyinin təmin edilməsi dövlətimizin diqqətində olan mühüm məsələlərdən biridir. Bu istiqamətdə beynəlxalq hüquqa və ənənələrimizə söykənən hüquqi normativ aktlarımız var. Ancaq ölkəmizdə ailə institutunun formalaşması üçün yaradılan qanunvericilik bazası, aparılan profilaktik maarifləndirmə işlərinə baxmayaraq, təəssüflər olsun ki, bu sahədə hələ də problemlər mövcuddur. Belə ki erkən nikahlar, nikahdankənar evlilik sosial problem kimi bu gün aktual problemə çevrilib. Hazırda cəmiyyətimizi narahat edən ciddi problemdən biri də boşanma hallarıdır”, - deyə A.Naxçıvanlı diqqətə çatdırıb.

Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov mövzunun aktuallığını vurğulayaraq deyib ki, ailənin möhkəm olması üçün, ilk növbədə, ailə quranlar sağlam olmalıdırlar. 2014-cü ildə Milli Məclisdə Ailə Məcəlləsində böyük əhəmiyyət kəsb edən dəyişiklik edildi. Belə ki, nikaha daxil olan bütün insanlar icbari tibbi müayinədən keçməlidirlər. Boşanmaların sayı haqqında danışan komitə sədri qeyd edib ki, bu gün dünya statistikasında sonsuzluq səbəbindən ailələrin dağılması təxminən 30-35 faiz təşkil edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, ailənin vətəndaş cəmiyyətinin inkişafında xüsusi rolu var. Azərbaycanın ailə modeli əsrlərboyu öz dəyərləri ilə ən nümunəvi sosial institutlardan biri olub. Hər xalqın özünü təsdiq və inkişaf etməsində ailənin rolu çox böyükdür. Bu institutun möhkəmliyi cəmiyyətin, dövlətin güclənməsi və inkişafı deməkdir. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, rifahı durur. Bunun bariz nümunəsi hər il dövlətimizin başçısının imzaladığı fərman və sərəncamların 65 faizinin məhz sosialyönümlü olmasıdır. Dövlətimiz daim öz vətəndaşına qayğı ilə yanaşır və onun sosial problemlərinin həllini prioritet vəzifə kimi görür, bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir. Ölkəmizdə aparılan bu sosial və iqtisadi quruculuq işləri ailə institutunun möhkəmlənməsinə öz töhfəsini verir. Bu islahatların nəticəsi olaraq, Azərbaycanda qaçqın və məcburi köçkün, şəhid ailələri, təqaüdçülər, aztəminatlı, çoxuşaqlı, gənc ailələrin sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev deyib ki, hər bir xalqın özünəməxsus ənənələri və dəyərləri mövcuddur. Ailə institutu bizim cəmiyyətdə əvəzolunmaz dəyərdir, müqəddəsdir, milli-mənəvi dəyərlərimizin əsas sütunlarındandır. Ailə institutunun cəmiyyətimizin, dövlətimizin inkişafında böyük rolu var. Çünki şəxsiyyətlər məhz ailədə formalaşır. Humanizm, vətənpərvərlik, xeyirxahlıq, mərdlik, xeyriyyəçilik ailədə formalaşan ən yüksək keyfiyyətlərdir. Bu baxımdan ailənin rolu əvəzsizdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov xatırladıb ki, komitənin nəzdində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Bu qurumun fəaliyyətinin əsasını milli–mənəvi dəyərlərimizin təbliği təşkil edir. Bunun üçün qurum intensiv iş aparır, maarifləndirici filmlər çəkilir. Ailələrimizin bütövlüyünü qorumaq üçün mənəviyyatımızı gücləndirməliyik. Dinimiz insanlara düzgün təbliğ edilməlidir.

Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev boşanmaların fəsadlarından danışıb. Bildirib ki, il ərzində 50-60 min nikah bağlanır. Lakin bu nikahların heç də hamısını qoruyub saxlamaq olmur. Belə ki, ailələr müxtəlif səbəblərdən dağılır. Boşanmadan öncə tərəflər ayrı yaşamağı bacardıqlarını sübut etməlidirlər. Amma hər şeydən əvvəl ailə daxilində qarşılıqlı hörmət olmalıdır. Tərəflər uşaqları da nəzərə almalıdırlar. Boşanmadan sonra uşaqlar təcrid olunmamalı, digər valideyni ilə görüşməsi təmin edilməlidir. Boşanmanın özü də ədalətli olmalıdır.

Sonra boşanma halları, qeyri-rəsmi nikahlar, erkən nikahlar, məişət zorakılığı və müvafiq problemlər ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Oxunub: 310



XƏBƏR LENTİ