Valyuta məzənnəsi

Baş nazir icbari tibbi sığorta ilə bağlı qərar imzalayıb

Tarix:7-09-2020, 22:44

Baş nazir icbari tibbi sığorta ilə bağlı qərar imzalayıb

Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 17 mart tarixli 98 nömrəli Qərarında dəyişiklik edib.

NOCOMMENT.az-a istinadən YeniAN.info xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, qərarın adında və 1-ci hissəsində “2020-ci ildə” sözləri “2020-ci və 2021-ci illərdə” sözləri ilə əvəz edilib.

Bununla da qərar 2021-ci ili də əhatə edəcək.

Yeni qərarla sığorta haqqının ödənilməsi qaydasına da dəyişiklik edilib.

Sığorta haqqının adambaşına məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”na uyğun olaraq aşağıdakı kimi müəyyən edilir:

– 2020-ci il üzrə – icbari tibbi sığortanın 2020-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat;

– 2021-ci il üzrə – icbari tibbi sığortanın 2021-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat + 90 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi, aprel ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi.

Bundan əvvəlki qərara əsasən, sığorta haqqının adambaşına məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”na uyğun olaraq, icbari tibbi sığortanın yanvar-mart aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, aprel-iyun aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat, iyul-sentyabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 45 manat, oktyabr-dekabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 22,5 manat təşkil edirdi.

YeniAN.info

Oxunub: 273



XƏBƏR LENTİ