Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları haqqında təbliğat və izahedici məlumatların çatdırılması məqsədilə Müdafiə Nazirliyində yaradılan təşviqat qrupu respublikanın ümumtəhsil orta məktəblərində şagirdlər, valideynlər və müəllimlərlə görüşlər keçirir.
Müdafiə Nazirliyindən YeniAN.az-a verilən məlumata görə, görüşlərdə zabit peşəsinə marağın aşılanması, hərbi vətənpərvərlik işinin orta təhsil müəssisələrində daha da səmərəli təşkilinə dair fikir mübadiləsi aparılır, hərbi rəhbərlərin təklifləri və istəkləri qeydə alınır.
Müdafiə Nazirliyinin zabitləri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Hərbi Tibb Fakültəsinə, Heydər Əliyev və Cəmşid Naxçıvanski adına hərbi liseylərə qəbul qaydaları haqqında ətraflı məlumat verərək məktəblərin təminatından, sosial-məişət şəraitindən danışıb, eləcə də qəbulla bağlı sualları cavablandırırlar.
Görüşlərdə, həmçinin hərbi məktəblər haqqında videoçarxlar və hərbi vətənpərvərliyə dair filmlər nümayiş etdirilir.
YeniAN.az