Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qaziyeva "Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda keçirilən tədbirdə ifaçıların ifasında Azərbaycan dili normalarından kənara çıxmalar olduğunu açıqlayıb.
Belə ki, N.Qaziyeva qeyd edib ki, monitorinq zamanı bir çox ifaçıların nitqi yoxlanılıb.
Mütəxəssisin sözlərinə görə, aşıqlar daha çox dialekt sözlər işlədirlər: "Məsələn, aşıq Telli Borçalı "mənə" sözü əvəzinə "mana" deyir, aşıq Əli "nöşün" və s. Muğam ifaçısı Elnarə Abdullayeva bəzi ifalarında "qadoy alım" sözünü işlədir. Eyyub Yaqubov Bakı şivəsində olan sözlərdən çox istifadə edir. İlqar Sailin də ifasında şivə və dialekt müşahidə olunur. Məsələn, "təsviri qoy kənarə", "qədeş".
Röya, Brilyant Dadaşova, Zülfiyyə Xanbabayeva, Rəqsanə, Gülyanaq və Gülyaz Məmmədovaların və başqalarının dil normalarına necə əməl etmələri də müəyyən edilib. İfaçılar daha çox vurğunu düzgün işlətmir, uzun saitləri qısa səsləndirir, ehtiyac olmadığı halda sözə əlavə sait artırırlar".
N.Qazıyevanın sözləri müğənniləri bir daha müzakirə mövzusuna çevirib. Bəs, adıçəkilən ifaçılar haqlarında səsləndirilən fikirlərə necə münasibət bildirəcək?
Musavat.com müğənnilər arasında sorğu aparıb. Əməkdar artist Elnarə Abdullayeva onun haqqında səsləndirilən iradları qəbul etməyib: "İlk olaraq orta məktəb dərsliklərinə nəzər salsınlar, milyon dənə səhv var. Sonra millət vəkillərinin, məmurların, aparıcıların dil normalarını necə pozduğuna baxsınlar. İfamda hər hansı qüsur olsa, düzəldərəm. Ləhcəmə gəldikdə isə mən Şamaxıda böyüyüb, boya-başa çatmışam. Ətrafımda da həmişə qohum-əqrəbam olub. Ləhcə ilə danışmağım normaldır. 50 yaşından sonra dilimi dəyişə bilmərəm. Dilçilik İnstitutuna xoş olsun deyə tamaşaçı qarşısında artistlik edə bilmərəm. Mənim danışıq tərzim budur. Bəli, efirdə ədəbi dildə danışmaq vacibdir. Amma dövlət məmurlarından qorxduqları üçün ad çəkmirlər, o mövzuya toxunmurlar. Amma sənət adamlarının adını çəkməyə cəsarətləri çatır.
İkincisi, heç bir müğənni nə Dilçilik İnstitutunda, nə də Elmlər Akademiyasında dünyaya göz açmayıb. Hər bölgənin öz ləhcəsi var. Müğənnilər də rayonlardan gəlmələrdir. Dillərini necə dəyişsinlər? Müğənnilərimizə Türkiyədəki müğənniləri misal çəkirlər. Amma heç vaxt onlara ləhcəyə görə qüsur tutmurlar. Mən müəllim də deyiləm ki, şagirdlərə səhv nümunə olum. Kimə xoş deyilsə, Elnarə Abdullayevaya qulaq asmasın”.
Əməkdar artist Röya Ayxanın prodüseri Vüsal deyib ki, hazırda Röya xanım İstanbuldadır. Yeni işlərə başı qarışıb. Röyanın ifasında elə bir qüsur yoxdur.
Müğənni Rəqsanə İsmayılovanın mətbuat katibi isə bildirib ki, ifaçı bu cür mövzularla gündəmə gəlmək istəmir. Ona görə də məsələyə münasibət bildirməyəcək.