Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin birinci rübü ərzində 33 min 969 nəfər işlə təmin olunub. Bu, 2018-ci ilin birinci rübü ilə müqayisədə 13,2 faiz çoxdur.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, işlə təmin edilənlərdən 29 min 404 nəfərini “İşsizin DOSTu” Proqramı çərçivəsində ödənişli ictimai işlərlə təmin olunanlar təşkil edib. Onların hər biri ilə əmək müqaviləsi bağlanılıb. Bununla da onlar sosial sığorta sistemində iştirak və gələcəkdə sosial təminat hüquqlarına malik olmaq imkanı əldə ediblər.
Yanvar-mart aylarında xidmət tərəfindən işlə təmin edilənlərin 8 min 826 nəfəri gənclər, 281 nəfəri əlilliyi olan şəxslər, 1876 nəfəri isə məcburi köçkünlər olub.