Əgər işçi ilə bağlanmış əmək müqaviləsində bu müqavilənin hansı müddətə bağlanması göstərilməyibsə, həmin müqavilə müddətsizdir. Müddətsiz əmək müqaviləsi isə hər iki tərəfin (işəgötürənin və işçinin) razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəzlənə bilməz.
Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı Bakının Suraxanı rayonunda təşkil etdiyi maarifləndirmə tədbirində vurğulanıb.
Nazirliyin ictimaiyyətlə və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” mövzusunda keçirilən tədbirdə Xətai və Suraxanı rayonlarından işəgötürənlər, Vergilər Nazirliyinin və həmkarlar təşkilatlarının nümayəndələri iştirak edib.
Tədbirdə əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə məlumat verilib. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirildiyi və bu müqavilələrin işçilərin əmək və sosial müdafiə hüquqlarına əsaslı təminat yaratdığı qeyd olunub.
“Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusundan da bəhs olunub. İşçilərlə əmək müqaviləsi olmadan həyata keçirilən əmək münasibətlərinin işçinin gələcək sosial təminatına heç bir əsas, imkan yaratmayan qeyri-rəsmi məşğulluq halı olduğu, belə halların vergi və sosial sığorta daxilolmalarına da ciddi ziyan vurduğu bildirilib.
Oxunub: 360