Penitensiar Xidmətin bölük komandiri Kazım Həsənov hakim qarşısına çıxarılıb. O, rüşvət almaqda ittiham edilir.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Kazım Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Kənan Məmmədov şahid qismində ifadə verib.
Məlum olub ki, o da istintaqda ifadə verən zaman komandirinin ondan rüşvət aldığını, bunun qarşılığında buraxılışa göndərildiyini deyib.
Amma Məmmədov məhkəmədə bunu qismən təsdiqləyib. Rus dilində danışan, Azərbaycan dilində oxuya bilmədiyini deyən Məmmədov istintaqda yazılanlardan xəbərsiz olduğunu söyləyib. Məmmədov buraxılış üçün pul verdiyini təsdiqləyib, amma söyləyib ki, pulu birbaşa olaraq Kazım Həsənova verməyib.
O, buraxılışdan qayıdan zaman hərbi biletin içərisinə pul qoyaraq komandirinə verdiyini deyib. Məmmədov həftə sonu iki gün buraxılışa çıxmaq üçün 40 manat pul verdiyini təsdiqləyib.
Hakim Məmmədova sual verib ki, Azərbaycan dilini bilmədiyi halda izahatının sonunda "ifadəmi oxudum, öz imzamla təsdiq edirəm" sözlərini necə yazıb?
Şahid Məmmədov suala cavab verə bilməyib.
Hakim Cavid Hüseynov da şahidə sual verib, soruşub ki, o, hərbi xidmətdə olan zaman hərbi andı Azərbaycan dilində necə qəbul edib.
Məmmədovun cavabından məlum olub ki, o, and içməyib.
Daha sonra hakim Cavid Hüseynov təqsirləndirilən K.Həsənova sual verib, soruşub ki, əsgərlərin onun barəsində şikayət etməsinin səbəbi nə olub.
K.Həsənov bildirib ki, həmin ərəfədə əsgərin əsgəri vurması ilə nəticələnən insident olub. Bundan sonra Hərbi Prokurorluq araşdırma aparıb: "Əsgərin əsgəri vurmasında mənim heç bir günahım yox idi. Həmin iş araşdırılanda ortaya çıxdı ki, əsgərlər məndən şikayət edib. Deyiblər ki, guya onlardan pul almışam. Halbuki belə bir hal olmamışdı. Əsgərlərdən təzyiqlə bu cür ifadələr alıblar. Amma heç biri məhkəmədə bunu təsdiqləmir".
Məhkəmə iclasının davamında Rauf Qasımzadə də şahid qismində ifadə verib.
Rauf Qasımzadə hazırda həbsdədir. O, yuxarıda Kazım Həsənovun qeyd etdiyi insidenti törədən əsgərdir. Qasımzadə öz əsgər yoldaşını güllələyib.
Şahid kimi dindirilən Qasımzadə ilk olaraq deyib ki, istintaqda düzgün ifadə verməyib. O bildirib ki, əsgər yoldaşını güllələdikdən sonra şokda olub və ondan K.Həsənovun əleyhinə ifadə alıblar.
Prokurorun suallarına cavab verən Qasımzadə bildirib ki, istintaqda komandiri Həsənovun ondan rüşvət aldığını deyib, amma bu düzgün deyil.
Qasımzadə prokurorun "niyə 1 ilə yaxındır ki, yalan ifadə verdiyiniz barədə heç bir quruma müraciət etməmisiniz" sualına da cavab verib.
O bildirib ki, yenidən cinayət məsuliyyətinə cəlb ediləcəyindən ehtiyat edib: "Fikirləşdim ki, barəmdə cinayət işi gedir. Bunu desəydim, barəmdə yalan ifadə verməyə görə də cinayət işi aça bilərdilər".
Qasımzadə əsgər yoldaşı İlkin Tarverdiyevi odlu silahla yaraladığına görə 5 il müddətinə azadlıqdan məhrum edildiyini deyib. O, cəzasının bir ildən artığını çəkib.
Məhkəmə iclası sentyabrın 24-ü davam etdiriləcək.
Qeyd edək ki, rəsmi ittihama görə, K.Həsənov tabeliyində olam əsgərlərdən həftəsonu buraxılış üçün 30-40 manat məbləğində rüşvət alıb.
İttihama münasibət bildirən K.Həsənov özünü qətiyyən təqsirli bilməyib.
O söyləyib ki, hərbi hissədə tabeliyində olan əsgərləri həftə sonları şəhərə buraxıb, amma onlardan pul almayıb.
"Əsgərlər buraxılışa gedən zaman hərbi biletlərini özlərinə verirdim. Hərbi hissəyə qayıdanda isə təhvil verirdilər. Bəzi əsgərlər axşam saat 9-da qayıtdıqları üçün həmin vaxt mən növbədə olmurdum. Ona görə də növbətçi zabitlər əsgərdən hərbi bileti təhvil alıb saxlayırdılar, səhəri gün mənə təhvil verirdilər. Mənim tabeliyimdə olan əsgərlərin sayı dəqiq deyildi. Yerdəyişmələr olurdu, amma təxminən 70-80 əsgər var idi"- deyə təqsirləndirilən şəxs ifadəsində bildirib.
Hazırda ev dustaqlığında olan K.Həsənov nə özünün, nə də digər zabitlərin əsgərlərdən pul almadığını deyib.
Suallara cavab verən K.Həsənov ona ittiham verilməzdən öncə hərbi hissədə baş verən insident haqda danışıb.
O deyib ki, həmin ərəfədə əsgərlər arasında mübahisə olub:
"Əsgərlərdən biri o birinə güllə atmışdı. Əsgər Qasımzadə ilə başqa bir əsgər arasında mübahisə olmuşdu. Əsgərlərdən birinin digəri ilə problemi var idi. Eşitdiyimə görə, əsgər əsgəri təhqir etmişdi. Amma bu hadisənin mənə heç bir aidiyyatı yox idi".
Qeyd edək ki, K.Həsənova qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.
Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
İlkin Muradov
Musavat.com