Valyuta məzənnəsi

Qarabağda baş verən hadisələri tarixi faktlarla əks etdirən “Vəzir Muxtarın ölümü” kitabı Türkiyəli oxucularda maraq doğurub

Tarix:17-05-2020, 21:48

Qarabağda baş verən hadisələri tarixi faktlarla əks etdirən “Vəzir Muxtarın ölümü” kitabı Türkiyəli oxucularda maraq doğurub

“XIX əsrin birinci yarısında İran, Rusya, Osmanlı Dövləti və Azərbaycan topraqlarında, xüsusilə Qarabağda baş verən hadisələri tarixi faktlarla əks etdirən bu kitab Türkiyəli oxuculara ilk dəfədir ki, təqdim olunur. Rusiyanın formalist ədəbiyyatının təmsilçilərindən olan Yuri Tınyanovun “Vəzir Muxtarın ölümü” kitabında günümüzdə çox az bilinən məlumatlarla yanaşı, bu günə qədər davam edən hadisələrdən də bəhs edilir”.

YeniAN.info-nun məlumatına görə, bu fikirləri Türkiyədə yaşayan həmyerlimiz, Ankara Universitetinin Dil, Tarix, Coğrafiya Fakültəsinin Rus dili və ədəbiyyatı fənni üzrə müəllimi, hazırda təqaüddə olan, tərcüməçi-ədəbiyyatşünas Şəfiqə Hüseyn sözügedən kitabın təqdimat mərasimilə əlaqədar keçirilən telekonfransda belə bildirib.

Türkiyənin tanınmış kitabklubların rəhbərləri, Ankara Universitetinin professoru, psixoloq Bahar Baştuğ, “DŞİFRE” Tərcümə Mərkəzinin direktoru Həcər Köksoy, Ankara Opera və Balet Teatrının pianoçusu Nailə Əhmədova, Varşavada yaşayan həmyerlimiz, tədqiqatçı ədəbiyyatşünas, şairə Məleykə Heseyin, uzun müddət Rusiyada yaşamış iqtisadçı Dilək Aktürk və digər ziyalıların da iştirakı ilə keçirilən videokonfransda XIX əsrdə İranda Rusiyanın səfiri olmuş, rus şairi, yazıçısı və bəstəkarı Aleksander Griboyedovun həyatından bəhs edən “Vəzir Muxtarın ölümü” kitabı müzakirə olunub.

Tədbirin aparıcısı, Türkiyədə tanınmış Ötüken Kitab Klubunun sədri Fuat Yakar Rusiya və Rusiyalı yazıçılar haqqında konfrans iştirakçılarına məlumat verib və bildirib ki, “Vəzir Muxtarın ölümü” Türkiyəli oxucular tərəfindən maraqla qarşılanıb.
İngilis dili mütəxəssisi, Orta Doğu Texniki Universitetinin məzunu Aygün Diler Rusiyalı yazıcı-şair, ssenarist və filosof, yəhudi əsilli Yuri Tınyanovun həyatı, yaradıcılığından bəhs edib.

Nəşriyyat proqramı üzrə mütəxəssis Nagehan Oğuz kitabın tərcüməcisi Şəfiqə Hüseyn haqqında məlumat verərək deyib ki, Ş.Hüseyn Bakı Dövlət Universitetinin Filologiya Fakültəsinin Rus dili və ədəbiyyatı ixtisasına yiyələndikdən sonra müəllimliklə yanaşı, uzun müddət Azərbaycan Televiziysında, Turizm Sahəsində çalışıb.

1993-cü ildə ailəsilə birgə Türkiyəyə dəvət olunub, 1997-ci ildə Ankara Dövlət Universitetində müəllimlik fəaliyyətinə başlayıb, həmçinin BMT-nin Qida və ərzaq üzrə Ankaradakı nümayəndəliyində rus dili tədris edib.

Ş.Hüseyin isə A.Qriboyedovun həyat və yaradıcılığından danışaraq bildirib ki, İranda yaşayan ermənilərin Qarabağda məskunlaşmasında xidməti olduğu bildirilən Rusiyalı səfirin bu addımının arxasında təmsil etdiyi dövlətin yürütdüyü siyasət dayanır: “Sovetlər dönəmində Tınyanovın bu həqiqəti yazması onun böyük məharətindən xəbər verirdi. Zəngin dünyagörüşü və axtarışları yazıcının İranda Vəzir Muxtar olaraq tanınan Aleksandr Qriboyedov haqqında ölümündən sonra açılan və çox da bilinməyən məlumatları, bununla yanaşı bir çox tarixi həqiqətləri üzə çıxarır”.

Hazırda 4 tanınmış rus yazıçısının kitabını tərcümə edərək nəşrə hazırladığını bildirən Ş.Hüseyn deyib ki, yeni tərcümələr üzərində də işləyir: “Onu da qeyd edim ki, “Vəzir Muxtarın ölümü” kitabı bir qədər fəlsəfi üslubda yazılıb. Yerli əhalinin işlətdiyi ifadələr, yunanca kəlimələr, mifalogiyaya aid deyimlər, hadisələr İranda cərəyan etdiyi üçün Sədi Şirazinin şerlərindən nümunələr romanda yer alıb. Qriboyedovun İranda vəzifəsini icra edərkən öldürülməsi, bu siyasi və geopolitik baxımdan həssas olan hadisələr Tınyanov tərəfindən tarixi faktlara əsaslanaraq roman halına salınıb. İstanbulda fəaliyyət göstərən, Azərbaycan Mədəniyyət Nazirliyilə birgə əməkdaşlıq edən “Zəngin Yayınçılıq” nəşriyyatının direktoru Sevinc Fırat kitabın nəşrinə razılaşdı və həm də kitabın Türkiyədə yayılmasına dəstək oldu. Kitabın redaktoru Erturan Elmasa, kitabın ərsəyə gəlməsində zəhməti keçən, ədəbiyyatçı Yurtsevən Şənə də təşəkkür edirəm”.

Zəngin Yayınçılıq nəşriyyatının direktoru Sevinc Fırat isə bildirib ki, nəşriyyat əsasən Azərbaycanı və Azərbaycan ədəbiyyatını Türkiyədə tanıtmağa xidmət edir: “İndiyədək Azərbaycanla bağlı 70-dək kitab nəşr etmişik. Klassiklərimizdən Nizaminin “Xəmsəsi”, Füzulinin əsərləri, Məmməd Səid Ordubadi, Fərman Kərimzadə, Qarabağla bağlı kitablar, 20-dək uşaq ədəbiyyatımız var ki, çox maraq doğurub. Azərbaycanın tanınmış ədəbiyyat xadimlərinin kitabları var ki, universitetlərdə tədris olunur. Məsələn, İstanbul Universitetinin Ədədbiyyat fakültəsinin bir müəllimi 4 ildir ki, Yusif Vəzir Çəmənzəminlinin “Qan içində” romanı tələbələrinə aldırıb oxutdurur. Fürsətdən istifadə edib, buradaki kitabsevərlərə Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olmalarını tövsiyə edərdim”.

Tədbirin sonunda pianoçu Nailə Əhmədova A.Qriboyedovun valslarınıdan musiqi parçaları səsləndirib.



Qarabağda baş verən hadisələri tarixi faktlarla əks etdirən “Vəzir Muxtarın ölümü” kitabı Türkiyəli oxucularda maraq doğurub

Qarabağda baş verən hadisələri tarixi faktlarla əks etdirən “Vəzir Muxtarın ölümü” kitabı Türkiyəli oxucularda maraq doğurub

YeniAN.info
Oxunub: 670



XƏBƏR LENTİ