Türkiyədə prezidentliyə namizəd kimi qeydiyyata alınmaq üçün tələb olunan imzaların toplanmasına ayrılan müddət bu gün başa çatır. Daha iki namizəd lazım gələn 100 min imzanı toplayaraq ali dövlət postuna namizədlər sırasına qoşulub.
YeniAN.az "Habertürk" telekanalına istinadla xəbər verir ki, Məmləkət partiyasının sədri Muharrem İnce 111 min, "Ata ittifaqı”nın namizədi Sinan Oğan isə 107 min imza toplayıb. Onlar dövlət başçısı postu uğrunda hazırkı prezident, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan və müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu ilə mübarizə apara biləcəklər.
Namizədliyi parlamentdə təmsil olunan partiyalar tərəfindən irəli sürülən və ya öz namizədliyini verən daha 9 siyasətçi isə bu gün yerli vaxtla saat 20:00-dək lazım olan sayda imzanı MSK-ya təqdim etməlidir.
Prezidentliyə namizədlərin yekun siyahısı martın 31-də dərc olunacaq.
Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Əgər səsvermənin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də prezident seçkilərinin ikinci turu baş tutacaq.