Hindistanda adam oğurluğu, qətl və hücumda günahlandırılan sabiq deputat Atik Əhməd və qardaşı Əşrəf canlı yayımda güllələnib.
YeniAN.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, hadisə Atik Əhməd və qardaşı Əşrəf Uttar-Pradeş ştatının Prayaqrac şəhərində polis müşayiəti ilə tibbi müayinəyə gətirilən zaman baş verib.
Polis bildirib ki, motosikletlə gələn 3 nəfər özünü jurnalist kimi təqdim edib və Atif Əhmədlə qardaşına yaxınlaşaraq yaxın məsafədən başlarına atəş açıblar. Həmin şəxslər polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, Atik Əhməd Uttar-Pradeş ştatının Pxulpur dairəsindən deputat olub. Ona qarşı qətl, insan oğurluğu və dələduzluq da daxil olmaqla, 90 cinayət işi açılıb. O, həmçinin 2018-ci ildə Allaxabad Universitetinin professoruna hücumda da ittiham olunub. 60 yaşlı Atik Əhməd 2019-cu ildə vəkil Umeş Palanın oğurlanmasında günahkar sayıldıqdan sonra saxlanılıb.