Xaçmazda qonşusunu heç bir səbəb olmadan öldürməkdə suçlanan şəxs hakim qarşısına çıxarılıb. Məhkəmə iclasında gərginlik yaşanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə ittiham edilən Əhməd Seyid oğlu Yaqubovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Əhməd Yaqubov suallara cavab verməyib.
Məhkəmədə iştirak edən mərhum Etibar Cavadovun yaxınları əsəblərini cilovlaya bilməyib. Mərhumun anası Caviddən oğlunu niyə öldürdüyünü soruşub? Mərhumun digər yaxınları da Caviddən qətli törətməsinin səbəbini soruşublar.
Qeyd edək ki, Cavid Xaçmazın İzmailovka qəsəbəsində qonşusu 26 yaşlı Etibar Cavadovun ürək nahiyəsindən bıçaqla vuraraq onu öldürüb.
Hadisənin baş verməsinə heç bir səbəb yoxdur. Cavid özü də bu barədə danışmır.
Əhməd Yaqubov yaşadığı qəsəbədə "Cinli Əhməd" kimi tanınır. Onun şizofreniya xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Hətta bu xəstəliyinə görə Əhməd hərbi xidmətdən də geri qaytarılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə; xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.