Valyuta məzənnəsi

Azərbaycanlıların soyqırımından 101 il keçir - ANIM

Tarix:30-03-2019, 11:40

Azərbaycanlıların soyqırımından 101 il keçir - ANIM

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 101 il ötür. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütyundan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törədiblər.

1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Leninin təyinatı ilə Qafqaz fövqəladə komissarı kimi Bakıya göndərilən Stepan Şaumyan qətliamın başlamasında əvəzsiz rol oynayıb. 1918-ci il martın 31-də Bakı şəhərində dinc azərbaycanlıların kütləvi qətlində Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda ermənilərin “Daşnaksütyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Bakıda üç gün davam edən qırğın zamanı ermənilər azərbaycanlı məhəllələrinə soxularaq hər kəsi öldürüb, qılıncla parçalayıb, süngü ilə dəlmə-deşik edib, cəsədlərin qulaqlarını, burunlarını kəsib, qarınlarını yırtıblar. Nəticədə təkcə Bakıda 25 min soydaşımız qətlə yetirilib.

S.Şaumyan Bakıda və ətraf qəzalarda törətdikləri qırğınla əlaqədar 1918-ci il aprelin 13-də Rusiya Xalq Komissarları Sovetinə məktubunda yazırdı: “Bizim süvari dəstəyə edilən silahlı hücumdan bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Biz artıq 6 min nəfərlik silahlı qüvvəyə malik idik. Daşnakların da 3-4 min nəfərlik silahlı milli hissələri var idi ki, o da bizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi. Lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi”.

Bununla kifayətlənməyən ermənilərin Azərbaycanın digər ərazilərində də - Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da kütləvi qətliamları davam etdiriblər. 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə yaxın dinc sakin qətlə yetirib, Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi isə məhv edilib.

1918-ci iln aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilib. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırıb, Zəngəzur qəzasında isə 115 azərbaycanlı kəndi məhv edib, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı qaçqın düşüb.

İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilib, yaşayış məntəqələri isə yerlə yeksan edilib. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş ediblər. 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılıb, əhalisi isə məhv edilib.

1920-ci ilin mayında ermənilərin və XI Qızıl Ordunun iştirakı ilə Gəncədə 12 mindən çox azərbaycanlı qətlə yetirilib.

1918-ci ildə azərbaycanlıların kütləvi qətli ilə müşayiət olunan qırğınların qarşısının alınmasında Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun böyük rolu olub.

Qeyd edək ki, mərhum eks-prezident Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanına əsasən, 31 mart Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur.
“Yeni Müsavat”

Oxunub: 279



XƏBƏR LENTİ