Valyuta məzənnəsi

Milli Məclisdə bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzə plenar iclasa tövsiyə olunub - YENİLƏNİB

Tarix:15-02-2023, 13:59

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

"YeniAN.az"in xəbərinə görə, məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.

Komitə üzvləri sənəd barədə fikirlərini bildiriblər.

Məruzə parlamentin plenar iclasına tövsiyə olunub

11:11

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

"YeniAN.az"in xəbərinə görə, məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edir.

Daha sonra komitə üzvləri sənəd barədə fikirlərini bildirəcəklər.

İclasda çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Azərbaycanda bələdiyyələrin qanuna uyğun fəaliyyətinin qurulması, qanunun aliliyini rəhbər tutması və s. məsələlərə tam nəzarət həyata keçirilir: "Qanun pozuntusu olduqda belə aidiyyəti qurumlar mövcud problemlərin aradan qaldırılması istiqamətində işlər görür”.

O qeyd edib ki, ölkədə bələdiyyələrin və üzvlərinin sayı çoxdur: "Bu səbəbdən onlarla işin geniş səviyyədə qurulması böyük əmək tələb edir. Qarabağda yenidənqurma işləri çərçivəsində regional məsələlərdə ciddi islahatlar aparılır. Bələdiyyələrin yeni struktarlara uyğunlaşdırılması məsələsi gələcəkdə müzakirəyə çıxarılacaq. Deputatların bələdiyyələrin gələcək fəaliyyəti ilə bağlı çoxsaylı təklifləri var”.

Sənəddə qeyd edilib ki, inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 14 min hektar torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.

Nəticədə 1 045 hektar torpaq sahəsinin mülkiyyətə, 12 043 hektar torpaq sahəsinin icarəyə, 1 hektar torpaq sahəsinin isə istifadəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib, bütövlükdə 13 089 hektar (2021-ci illə müqayisədə 44 % çox) torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. 911 hektar torpaq sahəsi ilə bağlı təklif və iddialar isə baxılmaqdadır.

Məruzədə yazılıb ki, ötən illərlə müqayisəli aparılan təhlillər göstərir ki, bələdiyyələrin fəaliyyətində rast gəlinən pozuntular əsas etibarilə bələdiyyə torpaqlarının idarəedilməsi, maliyyə vəsaitlərindən istifadə, şəffaflıq və hesabatlılığın təmini, bələdiyyə idarəçiliyi (təkbaşına idarəetmə, icra aparatının düzgün təşkil edilməməsi və s.) və digər məsələləri əhatə edir.

Bildirilib ki, yerli özünüidarəetmə sahəsində qanunçuluğun təmini məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyə fəaliyyətində rast gəlinən qanun pozuntuları, o cümlədən korrupsiya ilə əlaqədar hüquqpozmaları yaradan səbəblər təhlil edilərək ümumiləşdirilir, nəticələrinə uyğun tədbirlər həyata keçirilir, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanır.Milli Meclis

Oxunub: 78



XƏBƏR LENTİ