(Kitabdan ixtisarla)
Əziz anam, geri dönsəm bir sevin sən,
Şəhid olsam min sevin sən...
Əyir vucudumu üsyan hücumu,
Yumruq barmaqların deşir ovucumu.
Mən zülm içirəm səbr kasamdan,
Mən zəhər içirən səbr kasamdan.
Mən ölüm içirəm səbr kasamdan.
Göy qurşağı rəngli xatirələr
Xatirə
yazıram. Xatirə sözdən çox hissiyatla bağlıdı. Ona görə də bizə əziz
olanları yada salanda təkcə onların ayrı-ayrı sözlərini yox,
danışıqlarını, hərəkətlərini xatirlayırıq. Hətta bəzən illər uzunu davam
edən söhbətlər də unudulur. Amma o söz-söhbətlərin ümumi məzmunu,
oxşarı həmin vaxtlarda duyduğumuz hissiyatlarda qalır. Keçmişdə bizə
əhəmiyyətsiz görsənən kiçik xatirələr onların yoxluğunda nə qədər şirin,
nə qədər əziz görünür. Hər an ürəyimizdə közə dönmüş görüşlərin
hissiyyatımıza hopmuş duyğularımız əlvan bir spektrini oyadır, gur
burulğanını hərəkətə gətirir. Xatirələr, əziz xatirələr burulğanını. Əl
dəyəndə gücünü, gözəlliyini itirən kəpənək qanadları kimi həzin
xatirələr yazıya çevriləndə ürəyində yığılanların – niskilini,
peşmançılığını, həyəcanını yazıya çevirə bilməmək qorxusu, qələmin
acizliyi üst-üstə gələndə. Elə bilirsən bu xatirələr öz sehrini itirir.
Çünki elə hislər var ki, ürəyimizdə yatan o duyğuları, ağrını, həyəcanı
bütünlüklə ifadə edə bilməz. Mən bunu söyləməklə əlahəzrət Sözün
qüdrətinə kölgə salmaq fikrində deyiləm, əsla, sadəcə mənim ürəyimdə bu
an, bu dəm vətən – Qarabağ müharibəsi qəhrəmanlarının hər birinin
müəyyən bir obrazı var. Bu obraz öncə onların şücaətlərindən aldığım
təəssüratla, sonra şəxsiyyətin xırdalıqlarına vardıqca bu tanışlıqdan
doğmalığın duyğularla cizgi-cizgi, rəng-rəng yaranmasıdı. Bəzisi
tamamlanır, bəzisi yox, bəzisi hər gün qabağımdadı, bəzisi yoxdur.
Hamısı daxilimizdən keçərək oradaca yığılaraq öz növbəsini gözləyir...
Lap əvvəldən...
Polad
Həşimov – Deyəndə ümidvaram ki, onu xatırlayarkən gözümüzün önünə
başını azca yana əyərək qəlbinin aynası olan simasında sifətini
halələmiş təmizlikdən, saflıqdan xəbər verən peyğəmbər təbəssümü... Onu
elə bu cür də əzizləyirlər: Əsarətdən qurtulmağın kodu; yazımızın
qəhrəmanı Polad, tarixi qəhrəmanların ruh əkizi Polad Həşimov.
Əsarətdən
qurtulmağın kodunu onlar tapmışdı – azadlığa könül verərək, bu azadlıq
sevdasından dönməz olanlar! Azadlığın nə olduğunu onun uğrunda ölməyə
hazır olanlar bilir, kodun açması bu qədər bəsit, bu qədər sadə...
Napoleonun xilası şahmat fiqurundakı altlığına fikir versəydi burub
atsaydı qaçış planından xəbər tutardı, bir daha yenidən xilas olardı!
Amma bu dəfə alınmadı, hətta Napoleon da sonacan dirənmədi, inad etmədi.
Azad
olmaq üçün o kodu tapmadı. Əsarətdən qurtulmağın kodunu tapmaq lazımdı.
Azadlığın kodu isə çox sadə idi, arzulamaq, istəmək, azadlıq üçün ölümü
gözə almaq. Polad Həşimov bu kodu çox-çox əvvəldən tapmışdı. Vətən üçün
yaşamaq, vətən üçün ölmək, qeyrətini, təəssübünü çəkməli olduqlarına
görə ömrünü, canını bu müqəddəs mücadiləyə, mübarizəyə həsr etməyin,
ömründən ömür aparacağını bilə-bilə. Əslində biz hamımız eyni həyatda
yaşayırıq. Hamımızı eyni sapın düyünləridi ilgəyə keçirən. Zaman və
məkan içində fərqimiz alnımıza yazılanlardadı. Polad Həşimov həm də
Azərbaycanın alnına yazılan böyük yazıdı. Bəlkə bu gün torpağın dili
olsaydı Polada belə deyərdi: "Sən məkan və zaman içində mənim ünvanımsan
– yaşam ünvanım. Sən mənim üçün təkcə övlad deyilsən, sən mənim üçün
təkcə sevgi də deyilsən. Sən mənim üçün elə mənim özümsən, məndə səndən
var, səndə məndən var. Səni göylərə əmanət eləmişəm, mənim İlahi
qalibim!”.

Pozulmuş səhər və ya ölüm sevinməsin qoy!
Səhərimiz
o gün belə açıldı. Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayon
istiqamətində gedən hərbi əməliyyatlar zamanı şəhidliyə yüksələn yeganə
və birinci generalı. 2020-ci il 14 iyul, saatın əqrəbləri səhər
saatlarının üzərində; Tovuz rayonu istiqamətində baş verən döyüş zamanı
Azərbaycan Silahlı Qüvvələrinin altısı zabit olmaqla yeddi hərbi
qulluqçusu şəhid oldu. Və Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan
Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun komandir müavini, qərargah
rəisi general Polad İsrayıl oğlu Həşimov qəhrəmancasına şəhidlik
zirvəsinə ucaldı. Həmin gün Müdafiə Nazirinin müavini general-leytenant
Kərim Vəliyev kövrək və təəssüf intonasiya ilə "Bu gün generalımız Polad
Həşimov şəhid oldu”... Bu səsdə o gün hər şey var idi. Ağır, çətin,
hərbi praktika görmüş və bu çətinliklərdə bərkimiş bir şəxsiyyətin
dilindən bu itkinin, bu hüzünün ağırlığını onun – Kərim Vəliyevin necə
yaşadığının fərqinə vardıq. Azərbaycan, bütün Türk dünyası Polad adlı bu
itkinin fərqinə varmışdı. O, Polad Həşimov kimi şücaətli, qəhrəman,
ləyaqətli, peşəkar, savadlı, etibarlı övladını itirmişdi. Polad Həşimov
kimi insanlar bu dünyaya fenomenə - nümunəyə çevrilmək üçün gəlirlər. Az
yaşasalar da yüz tarixə bərabər ömrü təcəssüm etdirirlər yaşam
fəlsəfələri ilə...
O, sadə, halal zəhmətlə yaşayan bir ailənin övladı
idi. Polad unikal yaddaşa, dəqiq elmlərə olan bacarığa malik idi. Tanrı
öz seçdiklərini öz lütfü, öz mükafatları ilə dəyərləndirir. Polad da o
seçilənlərdən, seçilmişlərdən biri idi. Əla oxuyurdu, anası Səmayə xanım
onu hüquqşunas görmək istəyirdi. O, isə öz yolunu belə seçdi. Çətin və
şərəfli, keşməkeşli, ləyaqətli, əsl kişinin gedəcəyi çətin yolu. Polad
bu vətənin övladı idi. Tarix dərsliyindən oxuduqları vətənində gedən,
gördüyü, şahidi olduğu canlı tarix, tökülən nahaq qanlar, ədalətsiz
qərarlar, dağılan evlər, dağılan talelər, yarımçıq ömürlər, əsarətdə
inləyən ərazilər, qaçqınlar, köçkünlər onun idi, bu xalq da onun idi, bu
torpaqlar da onun idi.
Polad kimi oğullara borcluyuq. Biz ədalət,
qeyrət, qələbə, namus tənətənəmizi! Vətən-qeyrət, vətən-azadlıq,
vətən-ləyaqət, vətən-namus. Ya azadlıq, ya ölüm deyən oğullara borcluyuq
bu gün. Qeyrət və qisas kimi bəşəri Tanrıları həyatları əsas meyarı
edərək, "qələbə belə olar”. Can-qan və qorxmazlıq bahasına bu eşqi, bu
qürrəni bizə yaşadanlara borcluyuq. Polad belə böyüdü, bu itkiləri içdən
duya-duya. O, böyüdükcə içindəki vətən təəssüfkeşliyi, vətən sevdası
ilə yanaşı qisas, mübarizə hissi də kök atdı. Məktəbdə hərbi müəllimi,
Həmid müəllimin söylədiyi "indi kişi istərəm gedə bu vətəni qoruya”
ifadəsi içində olan qığılcımı alovlandırmağa bəs etdi. Artıq o qərarını
vermişdi, hərbiçi olacaqdı. 1992-ci ildə Qarabağ uğrunda gedən
qeyri-bərabər döyüşlər, verilən itkilər onu bu qərarın üzərində möhkəm
dayanmağa vadar etdi. Orta məktəbi bitirən kimi sənədlərini Heydər
Əliyev adına Ali Hərbi Məktəbə təqdim etdi və bu məktəbin tələbəsi oldu.
Poladın yüksək savad və istedadı respublikanın istənilən ali məktəbində
tələbə adını qazanmağa ona imkan verirdi. O, isə məqsədinin ardınca
getdi. Müəllimlərinin qeyd etdiyi kimi o dəqiq elmlərinin arxasınca
getsəydi bəlkə də Azərbaycanın ikinci Lütfi-zadəsi olacaqdı. Çünki, o
Polad idi. Hər əməlində unikal olan Polad Həşimov, mənim fəxri
Sumqayıtlım. Mənim qəhrəman generalım, mənim yuxa ürəkli, səxavətli,
böyük qəlbli soydaşım, vətən-xalq sevdalı qardaşım Polad Həşimov! Dünya
nemətlərində gözü olmayan, böyük qəlbi ilə yaşayan, ruhunu, şəfəqini
Allahdan alıb insanlara səxavətlə paylayan səxavət mücəssəməsi, insanlıq
nümunəsi. Bəli, bu gün sözlər də onun layiq olduğu qiyməti ona vermək
üçün çox tələsir. Sözlər təngənəfəs, qələm çatdıra bilmir. Sözlərin
həyacanını, sevgisini isharını. Bu bir vətən sevdalısının sadə həyat,
lakin böyük həyat yaşayan bir kişinin çoxlarına (vəzifə, taxt-tac,
var-dövlət üçün çarpışan əsas meyarları yaddan çıxarnalara) örnək
olacağı, tarixin sabahına örnək olan bir kişinin ləyaqətdən, etibardan,
bəşəri sevgilərdən (vətən, torpaq, xalq, millət) yorğulmuş həyatından
danışmaq üçün tələsir sözlər. Polad bu dünyada mövcud olduğu dönəmədək,
2020-ci il iyul ayının 15-dən sonra da bu tarix bu vətən üçün böyük
nümunə olaraq qalır və qalacaq. Səngəri yataq yeri, şineli yorğan edərək
heç kimə minnət qoymadan seçdiyi yolu öz kişiliyinin tələbi ilə gedən
vətən mücahidi. Biz hamıdan Polad kimi ol, Polad kimi yaşa, tələbini edə
bilmərik. Polad olmaq üçün Polad kimi doğulmaq, yaşamaq, sevmək və
şəhadəti seçmək gərəkdir.

Polad
Ali Hərbi Məktəbdə oxuyarkən əxs etdiyi biliklərdən ona məlum olurdu
ki, qələbə naminə alınan bilikləri zaman və məkana uyğunlaşdırmaq
nəzəriyyə ilə praktikanı balanslaşdırmaq gərəkdir. Zabit olmaq, hərbi
forma daşımaq onun üçün həyatda ən müqəddəs vəzifələrdən biri idi. O,
belə yaşayırdı. Ali Hərbi Məktəbdə şərəf andı içdiyi günü həmişə
xatırlayırdı. Hərbiçilər sırasına qatılmışdır, bu onun ən böyük sevinci
idi. O, özünə söz vermişdi, Azərbaycan ordusunun ən layiqli zabiti
olacaq. Buna görə də öz üzərində çox işləyirdi. O, dərk edirdi ki, hərb
sənətinin əsasını təkcə praktika deyil, nəzəriyyə ilə praktikanın
vəhdəti təşkil edir. Hərbi uğurlar üçün əsas elə budur. 2020-ci ildən
sonra hamı övladını Polad kimi görmək arzusu ilə yaşayacaqdı. Uşaqlara
Polad adı qoyulacaqdı. Əzizləri, yaxınları, dostları, yoldaşları,
əsgərləri, həmkarları "Polad bu yerdə belə edərdi” deyəcəkdi, vətənin
qəhrəman oğulları 44 günlük ölüm-dirim mübarizəsində "Polad üçün”
deyərək döyüşə atılacaqdılar. Polad adına layiq olmaq üçün
yaşayacaqdılar.
Polad nümunə olmağı bacardı, hərbi meydanlarda
əziyyət çəkə-çəkə, bu əziyyətin yükünü, məsuliyyətini çiyinlərində
daşıya-daşıya Polad olaraq bərkidi. Bizim Poladımızın alın yazısı idi.
Adına layiq döyülə-döyülə bərkimək. Qəlbi əməlləri, əməlləri qəlbi kimi
Böyük Poladımızın. Generalımızın hər məziyyəti, xarakter cizgiləri haqda
ayrı-ayrı sevgi, məhəbbətlə çox-çox danışmaq olar və insan bundan nə
yorulur, nə usanır. Sağlığında xoşlamazdı onun haqqında tərifli sözlər
söyləməyi. Təvazükarlıq ali missiya insanlarının əsas və qabarıq
cəhətlərindən biridir. Polad Həşimov sadəliyi ilə qəlblərin sevimlisi
idi. Həssaslığı, səxavəti, diqqəti, qayğıkeş olması ilə qəlblərdə öz
taxtını çoxdan qurmuşdu. O, hər kəsin etibarlı adamı idi. Əsgərlərinin
etibarlı, qayğıkeş, "mənəvi atası”, ətrafın-onun tanıyanların etibarlı
insanı, vətənin, torpağın etibarlı Oğlu. Polad Həşimovun insani
xüsusiyyətləri o qədər çox, o qədər qəlb oxşayandır ki! Onun qəlbi, ruhu
təmiz idi. O, başqa cür ola bilməzdi. O, dünyanın seçilmişlərindən biri
idi ali missiya insanı...
Polad Həşimov bir zabit olaraq bu
yolda öz töhfələrini verməyə başladı. Azərbaycanın qəhrəmanlıq
tarixinə, ləyaqət, şərəf andı içən bir hərbçinin gedəcəyi yol. Polad bu
yola necə məğrur, cəsarətli addımlarla başladısa sonda bu şərəf
qəhrəmanlıq tarixinin təntənəli nidasını eləcə şəhadəti ilə qoydu. O,
tabeçiliyində olan hər bir əsgərin Azərbaycanı canı qədər sevməyə,
əqidəli, qətiyyətli olmağa ruhlandırırdı. Dildə deyil, əməlində nümunə
idi hər kəsə Polad Həşimov. Əlinə bel götürüb səngər qazmaqdan, səngərdə
gecələməkdən, ən çətin məqamlarda öndə olmaqdan, düşmənin gülləsinə
sinəsini sipər etməkdən belə çəkinməyəcək qədər böyük nümunə. O,
əsgərləri vicdanlı olmağa öyrətdi. Çünki, bunu ilk olaraq özü edirdi.
Hərbi hissənin döyüş bayrağını göz-bəbəyi kimi qorumaq hər bir əsgərin
borcudur söyləyirdi. O, həm tələbkar idi, həm qayğıkeş, diqqətli. Vətəni
təmənnasız ali eşqlə sevənlərdə görürük bu şərtsiz sevgini. Polad da
belə idi, vətən aşiqi. Vətəni sevdiyi üçün onun insalarını beləcə, Polad
qəlbi ilə sevirdi. Polad Həşimov kimilər anadan qəlbi azad, bütün
buxovlardan azad olaraq doğulur. Bu qəlbə nə nəfs, nə tamah, nə dünya
malı, nə təkəbbür, nə zalımlıq hakim kəsilə bilməz, Polad belə idi. Onun
idealı xırda kiçik məişət arzularını bu istəkləri sel kimi silib
keşmişdi. O, bəşər qanunlarına, İlahi qanunlara tabe bir şəxsiyyət idi,
kamil və böyük:
Vətən yola salır şəhid Poladı,
Üçrəngli bayrağa bürünüb gedir,
Onun qazandığı şəhidlik adı,
Ən ali rütbədən uca rütbədir,
Torpaq qucaqlayır ər şəhidləri,
Bu vətən bölünməz, şəhidlər ölməz,
Yurdunun, xalqının ər igidləri,
Sınar polad kimi, ancaq əyilməz...
Davamı var...
Hürü Hacızadə
"Yazıçı-publisist”
"Qızıl qələm” mükafatçısı
Fərid Faiqoğıu
AJB-nin üzvü
Oxunub: 1