Fevralın 19-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və “PwC Azərbaycan” ilə birgə “Vergi qanunvericiliyində son dəyişikliklər və bu dəyişikliklərin sahibkarlıq fəaliyyətinə təsiri“ mövzusunda seminar keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbir maarifləndirici xarakter daşıyaraq ixracatçılara son vergi dəyişikliklərini və sahibkarlıq subyektləri qarşısında qoyulan öhdəlikləri öyrədəcək.
Seminar “PwC Azərbaycan” şirkətinin mütəxəssisləri tərəfindən aparılacaq. Bu seminar vergi sistemi haqqında ümumi məlumat, Vergi Məcəlləsinə edilmiş əsas dəyişikliklərin mahiyyəti və praktiki tətbiqi, sahibkarlıq subyektlərinin vergi və mühasibat uçotu siyasətinə qoyulan tələblər, sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi, o cümlədən yoxlamaların hüquqi tənzimlənməsi kimi mövzuları əhatə edəcək. Seminar şirkət rəhbərləri, mühasiblər, maliyyə, vergi mütəxəssisləri və hüquqşünaslar üçün nəzərdə tutulub.
Oxunub: 331