İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azexport.az” portalı və “VISA International”ın birgə təşkilatçılığı ilə “Rəqəmsal ödənişlərin inkişafı” mövzusunda təlim keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təlim mərkəzi ofisi Vaşinqtonda yerləşən “Visa School of Public Policy” (VSPP) institutunun ekspertləri tərəfindən aparılıb. İyirmi beşdən çox sahibkarlıq subyektinin nümayəndələrinin iştirak etdiyi təlimin keçirilməsində əsas məqsəd “VISA International”ın rəqəmsal və nağdsız ödənişlərin inkişafı istiqamətində dünyada tətbiq etdiyi yenilikləri Azərbaycan sahibkarları ilə də bölüşərək elektron ticarət dövriyyəsinin daha da sürətləndirilməsi üçün maarifləndirməni təmin etməkdir.
Qeyd edək ki, “VISA International” və İİTKM arasında imzalanan əməkdaşlıq haqqında memorandum çərçivəsində xüsusi ilə iqtisadiyyatın rəqəmsallaşdırılması istiqamətində bir sıra birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bunlardan “Visa Touch” texnologiyasının tətbiqi, nəqliyyat və ticarət sistemində kontaktsız kartların tətbiqi o cümlədən “Apple Pay”, “Google Pay” və “Samsung Pay” platformalarının Azərbaycana gətirilməsini qeyd etmək olar.
Təlimin sonunda iştirakçılara VSPP tərəfindən sertifikatlar təqdim edilib.
Oxunub: 288