İran ilə Azərbaycan arasında sərhəd rayonlarında sənaye zonalarının yaradılması haqqında fikir mübadiləsi aparılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani deyib. O bildirib ki, bu zonalarda birgə sənaye müəssisələrinin yaradılması və sərmayə yatırılması hər iki ölkənin iqtisadi maraqlarına uyğundur.
Nazirin sözlərinə görə, sənaye zonalarının yaradılması qarşılıqlı iqtisadi əlaqələri genişləndirməklə yanaşı, qeyri-neft sektorunun da inkişafına təkan verəcək. Bununla yanaşı, hər iki ölkənin regionları arasında əlaqələr genişlənəcək və yerli əhalinin sosial vəziyyəti daha da yaxşılaşacaq.
Nazir nəzərə çatdırıb ki, hər iki ölkənin regionları qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş potensiala malikdir. Neftçala avtomobil zavodunu nümunə göstərən nazir belə müəssisələrin sayının gələcəkdə artacağına əminliyini ifadə edib.